BAKI, 2 sentyabr. TELEQRAF

İngiltərə Premyer Liqasında 2026-2027-ci illər mövsümünün yay transfer pəncərəsində klubların ödədikləri transfer məbləğləri ilə üst-üstə ikinci dəfə rekord qırılıb.

Teleqraf.az xəbər verir ki, Premyer Liqa klubları yay transfer dövründə ümumilikdə 3,46 milyard sterlinq (4 milyard avro) xərcləyərək bütün zamanların transfer rekorduna imza atıblar.

Transfer pəncərəsinin son günündə İliman Ndiayenin "Everton"dan "Mançester Siti"yə (60 milyon sterlinq) keçidi ilə 12 ay əvvəlki rekord (3,14 milyard sterlinq) geridə qoyulub.

Transferin son günündə klublar ümumilikdə 475 milyon sterlinq xərcləyiblər (keçən il bu rəqəm 391 milyon sterlinq idi).

"Mançester Siti" "Çelsi"dən Enzo Fernandesi 125 milyon sterlinqə (145 milyon avro) heyətinə qatmaqla İngiltərədəki transfer rekordunu təkrarlayıb. Xatırladaq ki, rekord keçən mövsüm hücumçu Aleksander İsakın "Nyukasl Yunayted"dən "Liverpul"a eyni məbləğə (125 milyon sterlinq) keçidi ilə müəyyənləşmişdi.

Argentinalı yarımmüdafiəçi Enzo Fernandes bu mövsümün ən bahalı transferi kimi siyahının zirvəsində yer alıb. Siyahının ikinci pilləsində "Aston Villa"dan "Çelsi"yə 117 milyon sterlinqə keçən ingilis yarımmüdafiəçi Morgan Rocers, üçüncü pillədə isə "Nottingem Forest"dən "Mançester Siti"yə 116 milyon sterlinqə transfer olunan Elliot Anderson qərarlaşıb. Fransalı sol vinger Bredli Barkolanın PSJ-dən "Liverpul"a transferi 107 milyon sterlinq məbləğində reallaşaraq dördüncü, "Nyukasl"dan "Tottenhem"ə 101 milyon sterlinqə keçən Sandro Tonali isə beşinci sırada yer alıb.

Dünya futbol tarixində bütün zamanların ən bahalı 10 transferindən 3-ü (Enzo Fernandes, Morgan Rocers və Elliot Anderson) məhz bu yay Premyer Liqada reallaşıb.