BAKI, 31 avqust. TELEQRAF
Böyük Britaniyanın "The Independent" və "The Guardian" qəzetlərində, habelə BBC yayım korporasiyasının rus dili xidmətində Azərbaycan Respublikası ilə bağlı həqiqətə uyğun olmayan və ictimai rəyi çaşdırmağa yönəlmiş materiallar dərc olunub.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) bəyanatında bildirilib.
Agentlikdən qeyd olunub ki, aşkar birtərəfli yanaşma və mülahizələrə əsaslanan bu yazılar ölkəmizin beynəlxalq imicini hədəf alan məqsədli informasiya kampaniyasının tərkib hissəsi təəssüratı yaradır.
Məqalə müəllifləri mövzunu balanslı və obyektiv araşdırmaq, eləcə də qarşı tərəfin rəsmi münasibətini öyrənmək üçün hər hansı addım atmayıblar. Mətndə vurğulanır ki, bu halların aidiyyəti üzrə araşdırılması və zəruri adımların atılması istiqamətində müvafiq tədbirlərin görülməsi təmin ediləcək.
MEDİA adı çəkilən media qurumlarını bəyan etdikləri peşə prinsiplərinə sadiq qalmağa, Azərbaycan haqqında qərəzli materialların dərcindən çəkinməyə və tərəfsiz informasiya təminatını bərpa etməyə dəvət edib.