BAKI, 1 sentyabr. TELEQRAF
Venesuelanın Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEC) mümkün çıxışı ilə bağlı qərarı yalnız ölkə rəhbərliyi verməlidir.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib.
“Buna onlar qərar verməlidirlər. Venesuela ilə əla münasibətlərimiz var. Müəyyən mənada biz bir komandayıq”, - Tramp Venesuelanın OPEC-dən mümkün çıxışı ilə bağlı sualı cavablandırarkən deyib.
ABŞ liderinin sözlərinə görə, Vaşinqton Venesueladan milyonlarla barel neft əldə edir. Tramp bundan həm ABŞ-nin, həm də Venesuelanın böyük gəlir götürdüyünü bildirib.
Daha əvvəl “Bloomberg” mənbələrə istinadən Venesuelanın OPEC-dən çıxmaq imkanını ciddi şəkildə nəzərdən keçirdiyini xəbər vermişdi. Bildirilirdi ki, Karakas məsələni ABŞ rəsmiləri ilə müzakirə etsə də, hələ yekun qərar qəbul edilməyib.
Agentliyin məlumatına görə, Venesuelanın OPEC-dən çıxması ABŞ və digər ölkələrin beynəlxalq neft şirkətlərinin bu ölkədə fəaliyyətini daha da genişləndirməsinə imkan yarada bilər.
Qeyd edək ki, Tramp avqustun 28-də Venesuela ilə ölkənin təsdiqlənmiş neft ehtiyatlarının 65 milyard bareldən çox hissəsinin “ABŞ-nin nəzarətinə keçməsini” nəzərdə tutan razılaşmanın əldə edildiyini açıqlayıb. Venesuela prezidentinin səlahiyyətli nümayəndəsi Delsi Rodriqes isə razılaşmanın 17 yatağın işlənməsini nəzərdə tutduğunu bildirib.