BAKI, 31 avqust. TELEQRAF

20 yanvar 1922-ci ildə Krımın Ağməscid şəhərində (Simferopol) fəaliyyət göstərən Darülmüəllimatın – Qız Müəllimlər Məktəbinin tələbələri “Nenkecan” adlı bir jurnal nəşr ediblər. Əvvəlcə əlyazma şəklində çıxan bu dərginin ilk sayının girişində tələbələr jurnalın əsas məqsədinin oxucuları maarifləndirmək olduğunu bildirib, gələcəkdə imkan yaranarsa onu mətbəədə çap etdirmək istədiklərini qeyd ediblər. İlk sayın üz qabığında milli geyimli bir qızın təsviri də yer alıb. Dərgi 5 il ərzində fəaliyyət göstərib.

2010-cu ilin sonlarında bir qrup Krım tatar qadın ziyalısı “Nenkecan” Qadınlar Klubunu yaradıblar. Məhz bu klubun təşəbbüsü ilə tarixi jurnalın adı yenidən dirçəldilib. Müasir jurnalın ilk sayı 3 mart 2011-ci ildə nəşr olunub. Bu tarix təsadüfi seçilməyib. İlk nömrə İsmayıl bəy Qaspıralının qızı Şəfiqə Qaspıralının redaktorluğu ilə çıxan “Aləm-i Nisvan” jurnalının 105 illiyi ilə əlaqələndirilib. Jurnalın ilk nömrəsinin təqdimatı isə 4 mart 2011-ci ildə Ağməsciddəki Krım Mühəndislik və Pedaqoji Universitetində keçirilib. Jurnalın qurucusu və Baş redaktoru Zera xanım Bekirovadır. Baş redaktorun müavini isə Leniyara (Leniara) Selimdir. Dərgi üç ayda bir latın qrafikası ilə Krım türkcəsində çıxmaqdadır.

Jurnalın geniş redaksiya heyəti var, indiyədək 49 sayı işıq üzü görüb. 2018-ci ildə “Nenkecan” dərgisinin Azərbaycan Cümhuriyyətinin 100 illiyi münasibətilə xüsusi sayı işıq üzü görüb.

“Nenkecan”ın bu il çıxan 48-ci sayında baş redaktor Zera Bekirovanın Azərbaycan Cümhuriyyətinin ikinci Baş naziri olmuş Nəsib bəy Yusifbəylinin nəticəsi Şahika Kürdəmir xanımla geniş müsahibəsi dərc olunub. Azərbaycan tarixi üçün əhəmiyyət daşıdığına görə həmin müsahibəni dilimizə uyğunlaşdırıb Şahikə xanımın arxivindən yer almış qiymətli fotoşəkillərlə birlikdə təqdim edirik.

***

Krımda qadın hərəkatına başlayan, ilk Krım tatar qadın jurnalı olan “Aləm-i Nisvan”ın baş redaktoru kimi fəaliyyət göstərən, 1917-ci ildə keçirilən I Krım Tatar Milli Qurultayının nümayəndəsi olan, Türk dünyasını, hətta Avropa ölkələrini belə geridə qoyaraq Krım tatar qadınlarının seçmək və seçilmək hüququnun Konstitusiyaya daxil edilməsinin təşəbbüskarı Şəfiqə Qaspıralının nəvəsi – oğlu Niyazinin qızı Şahika Kürdəmir ilə uzun illərdən bəri tanış olub söhbət etmək arzusunda idim. Nəhayət, yaxın günlərdə Ankarada belə bir fürsət əldə etdim.

– Hörmətli Şahika xanım, siz babanız İsmayıl bəy, nənəniz Şəfiqə Qaspıralı və Azərbaycan hökumətinin ilk baş naziri Nəsib bəy Yusifbəylidən qalan qiymətli bir mirassınız. Krımdakı oxucularımıza sizi tanıtmaqdan qürur duyuram. Şahika adını sizə kim verib? Nə üçün soyadınız Yusifbəyli deyil, Kürdəmirdir?

– Çox təşəkkür edirəm. Mən Ankarada dünyaya gəlmişəm. Tam adım Şahika Elmazdır. Türk Təhsil Dərnəyinin Ankara Kollecində təhsil almışam. Müxtəlif banklarda çalışmışam və artıq təqaüdə çıxmışam. Atam Niyazi 1964-cü ildə, anam Nəzakət 1978-ci ildə, qardaşım Nəsib isə 2015-ci ildə vəfat etdilər. Ailədən yalnız mən qalmışam. Nənəm Şəfiqə atam Niyazi və Zöhrə bibimlə birlikdə Kürdəmir kəndində olduqları zaman həyat yoldaşı Nəsib bəy Yusifbəylinin öldürüldüyü barədə xəbər almışdı. Bundan sonra Türkiyəyə keçməyi və soyadlarının bundan belə Kürdəmir olmasını doğru bilmişdi. Baş verən faciəli hadisə və həmin dövrün şəraiti səbəbindən Qaspıralı və ya Yusifbəyli soyadını Kürdəmir soyadı ilə əvəz etmək məcburiyyətində qalmışdılar. Mərhum atam Niyazi Kürdəmir 1944-cü ildə İstanbulda mərhum anam Nəzakət Arıqlı ilə evlənmişdi. Rəhmətlik anamın babası Əli Arıklı da Qafqazdan köç etmiş bir ailənin övladı idi. Anamgil altı uşaq olublar – dörd qız və iki oğlan.

– Nənəniz Şəfiqə xanım Krım haqqında nələri xatırlayır, sizə nələr danışırdı?

– Heç nə xatırlamaz, heç nə danışmazdı. İndi anlayıram ki, o illərdə bunlardan danışmaq təhlükəli idi. Nənəm həm özünü, həm də bizi qorumağa çalışırmış. Biz nəvələri isə uzun illər nənəm Şəfiqə Qaspıralının Krımda necə böyük fəaliyyət göstərdiyindən, bütöv bir ölkədə qadın hərəkatının lideri olduğundan, qadın jurnalı nəşr etdiyindən xəbərsiz böyüdük. Türk dünyasının mütəfəkkiri İsmayıl bəy hər işində ona yardımçısı olan qızı Şəfiqənin Türk dünyası qadınlarına öz fəaliyyəti ilə nümunə olmasını istəyir və daim onun arxasında dayanırdı. Amma biz bunların heç birini bilmirdik. İndiki ağlımla bunun nə qədər yanlış olduğunu anlayıram, lakin eyni zamanda düşünürəm ki, o dövrdə belə davranmağı uyğun gördüyünü anlamağa və buna haqq qazandırmağa çalışmaq lazımdır.

Nənəm son dərəcə savadlı, bacarıqlı və eyni zamanda çox təvazökar bir qadın idi. Türkiyəyə gəldikdən sonra Krımda başladığı fəaliyyətini davam etdirmək, jurnal nəşr etmək də istəyirdi. Lakin həmin dövrün şəraiti buna imkan vermədi. Dayısı çox varlı bir insan olmasına baxmayaraq, “gəliş-gediş” kimi işlərlə məşğul olur, layiq olduğu və bacarığına uyğun bir işdə çalışa bilmirdi. Halbuki o illərdə Türkiyədə nənəm kimi təhsilli, bilgili və bacarıqlı qadınlar çox az idi, buna baxmayaraq ona layiq bir iş tapılmamışdı.

Nənəm daim İstanbulda Zöhrə bibimin yanında yaşayır, onun uşaqlarına baxır və ildə yalnız bir ay Ankaraya, bizim yanımıza gəlirdi. Biz də İstanbula yalnız yay tətilində gedirdik.

– Şəfiqə Qaspıralının qadın hərəkatı və “Aləm-i Nisvan”dakı fəaliyyətini bilirik. Siz onun nəvəsi olaraq, zəhmət olmasa, nənənizin necə bir nənə, necə bir qadın olduğunu təsvir edərdiniz?

– Nənəmin çox böyük bir şəxsiyyət olduğunu bilirəm. O, tarixdə həmin dövrdə heç bir qadının görə bilmədiyi işləri bacaran bir qadın idi. Krımda çox mühüm bir hərəkatın başında duran Şəfiqə Qaspıralı, təəssüf ki, Türkiyəyə gəldikdən sonra həmin fəaliyyətini davam etdirə bilmədi. Bəlkə də, elə bu səbəbdən diqqətini daha çox nəvələrinin tərbiyəsinə yönəltdi. Zöhrə bibimin uşaqları bu xoşbəxtliyə daha çox nail oldular, mən və qardaşım Nəsib isə nənəmlə ildə yalnız bir dəfə görüşürdük.

Qadınların savadlı və zəkalı olması uğrunda mübarizənin önündə gedən nənəm mənim ən yaxşı və hərtərəfli şəkildə formalaşmağımı, piano və balet öyrənməyimi, xarici dilləri bilməyimi və ciddi bir peşə sahibi olmağımı istəyirdi.

Babam Nəsib bəy kimi hüquqşünas olmağımla fəxr etdiyini söyləyir və məni daim təqdir edirdi. Şəfiqə nənəmin həyatı ilə bağlı məni çox duyğulandıran bir hadisə var: o, uşaqları ilə birlikdə qatara minib Türkiyəyə gələrkən çantasına yalnız uşaqlarının paltarlarını və ailə fotoşəkillərini qoymuşdu. Təsəvvür edin, bu qədər varlı bir insan Türkiyəyə yalnız bunları gətirmişdi.

Əminəm ki, vətənində daha çox qala bilsəydi, daha çox qadının önə çıxmasına nümunə ola bilərdi. Onunla görüşdüyümüz zaman Türkiyədəki siyasi sağ-sol qarşıdurmasını qeyd edir, bunu edənlərin nə qədər yanlış yolda olduqlarını söyləyir və diqqətli olmağımızı tövsiyə edirdi.

O dövrdə bolşeviklərin Rusiyada hakimiyyət başına gəlməsinin də oxşar hərəkatların nəticəsi olduğunu, arzulanan nizam-intizam qurulduqdan sonra isə həmin hərəkatların səbəbkarlarının ortadan qaldırıldığını söyləyirdi.

Yaxşı xatırladığım bir şey də nənəmin çox az danışmasıdır. Adətən, qadınlar gur səslə çox danışırlar, amma nənəm az, lakin mənalı, yəni yerində və sakit danışardı. Bu, həmişə diqqətimi çəkirdi. O, hər bir işini mükəmməl görməyə, başladığı işi mütləq sona çatdırmağa çalışan bir insan idi.

Oğlu, yəni atam Niyazinin erkən vəfat etməsi Şəfiqə nənəmi tamamilə sarsıtmışdı. Onsuz da az danışan və az gülən nənəmin üzü bundan sonra daim kədərli görünürdü.

– Şəfiqə xanım sizə atası İsmayıl Qaspıralı haqqında nələr danışardı?

– Nənəm daha çox atam Niyazini xatırlayar və daim ulu babamız İsmayıl bəyin kim olduğunu, Krımda və Türk dünyasında gördüyü xidmətləri danışardı. Krımdakı evlərini də xatırlayardı.

– Atanız Krıma heç getmişdimi?

– Təəssüf ki, nə Şəfiqə nənəm, nə atam, nə də anam doğulduqları yurda, Bağçasaraya bir daha gedə bilmədilər. Amma oralar üçün böyük həsrət çəkirdilər. Onların qəlblərinin dərinliyində daşıdıqları arzunu mən həyata keçirdim. 2004-cü ildə Krıma getdiyim zaman Şəfiqə nənəmin yaşadığı, atamın da doğulub böyüdüyü evi gördüm, ulu babam İsmayıl bəyin muzeyini və məzarını ziyarət etdim. 2005-ci ildə isə Azərbaycana gedərək babam Nəsib bəyin Gəncədəki evində oldum. Soyadımızı götürdüyümüz Kürdəmir kəndinə də getdim. Bu yerlərdə olarkən atam sağ ikən qısaca da olsa, mənə təsvir etdiyi mənzərələr gözlərimin önündə canlandı. Çox duyğulandım. Bağçasaraydan və Gəncədən torpaq gətirib Şəfiqə nənəmin və atamın məzarlarına səpdim.

Atam Futbol Federasiyasının rəhbəri olaraq tez-tez xarici səfərlərə çıxardı. Amma öz köklərini heç vaxt unutmadı. Ankarada həm Krım, həm də Azərbaycan dərnəklərinin qurucularından biri oldu. Atamın dərnəyin maddi xərclərini qarşıladığını və maddi dəstək topladığını çox yaxşı xatırlayıram. Dərnəyin idarə heyətinin üzvü deyildi, amma hər zaman əlindən gəldiyi qədər maddi cəhətdən dəstək verir, dərnəyə xüsusi qayğı göstərirdi.

– Bəs siz bu dərnəklərin üzvüsünüzmü?

– Mən hər iki dərnəyin də üzvüyəm. Azərbaycan dərnəyində fəaliyyət göstərməmişəm, sadəcə üzvüyəm. Krım dərnəyinin idarə heyətində iki müddətdə çalışmışam. Amma hazırda bu dərnəklərlə heç bir əlaqəm yoxdur.

– Şahika xanım, məlumdur ki, Şəfiqə Qaspıralının arxivi Nəcib Hablemitoğlunda olub və o, həyat yoldaşı Şəngül xanımla birlikdə həmin arxiv əsasında “Şəfiqə Qaspıralı və Rusiyada qadın hərəkatı” kitabını yazıb. Maraqlıdır, həmin arxiv indi haradadır?

– Nəcib Hablemitoğlu ilə tanış idik və bir neçə dəfə də söhbət etmişdik. Mən ona kitabda çoxlu yanlışların olduğunu, nənəmə dair bir sıra xəyali və fərziyyə xarakterli məlumatların yer aldığını söylədim. “Kaş ki, kitab çap olunmazdan əvvəl görüşəydik, belə yanlışlara yol verilməzdi”, – dedim.

O, kitab nəşr olunduqdan sonra arxivi mənə qaytarmaq qərarına gəldiyini bildirdi. Lakin buna imkan tapmadı, faciəli şəkildə öldürüldü. Mən bir neçə dəfə arxivi almağa çalışdım. Sonra xəbər tutdum ki, arxivin bir hissəsi Bursa Universitetində, digər hissəsi isə Türk Ocaqlarının şöbələrindən birindədir.

Düzünü desəm, bu mövzuda danışmaq mənim üçün son dərəcə ağırdır. Yəni əslində mənim əlimdə olmalı olan arxivin mənim razılığım olmadan kimlərəsə verilməsi, onlara əmanət edilmiş qiymətli sənədlərin bu şəkildə müxtəlif yerlərə paylanması və lazımi qaydada qorunmaması barədə nə deyəcəyimi bilmirəm.

– Siz bayaq Krımda ulu babanız İsmayıl bəyin muzeyini ziyarət etdiyinizi qeyd etdiniz. Bu arxivlərin yeri məhz həmin muzey deyilmi?

– Tamamilə elədir. Əgər mən həmin arxivləri ala bilsəm, onları mütləq Krımdakı İsmayıl Qaspıralı Muzeyinə verərdim.

– İnşallah, bəlkə birlikdə hərəkət etsək, müsbət nəticə əldə edər və bu qiymətli arxivin ictimaiyyətin istifadəsinə açılmasına nail olarıq.

– Qismət.

– Şahika xanım, Krımda həm Krım tatar, həm də rus dillərində İsmayıl Qaspıralının əsərlərindən ibarət çoxcildli külliyyat nəşr edən Tatarıstandakı Mərjani adına Tarix İnstitutu, Türkiyədə Şəfiqə Qaspıralı haqqında “Şəfiqə: İsmayıl Qaspıralının qızı” romanını yazan Serra Menekay, Şəfiqə Qaspıralı və Nəsib bəy Yusifbəylinin məktublarından tərtib edilmiş “Məktublar” kitabını hazırlayan Minara Çınar, Şəfiqə Qaspıralı adına Beynəlxalq Qadın Təşkilatının qurucuları sizinlə əlaqə saxlayıblarmı, məqsədlərini sizinlə bölüşüblərmi, tədbirlərinə sizi dəvət edirlərmi?

– Xeyr, heç kim məni axtarmayıb, əlaqə saxlamayıb və dəvət etməyib. Bütün bu fəaliyyətlər haqqında qəzetlərdən və digər mətbuat vasitələrindən oxuyaraq məlumat alıram...

– Bəs siz özünüz Şəfiqə Qaspıralı haqqında bildiklərinizi və xatirələrinizi yazmaq niyyətindəsinizmi?

– Əslində, bu barədə çox düşünmüşəm. Mən on yaşımda atamı itirmişəm. Ankaradan İstanbula gediş-gəlişimiz çox məhdud idi. Uzun müddət birlikdə olmamışıq, sadəcə qonaq kimi gedib-gəlirdik. Həm də mənim yetkinlik dövrüm Şəfiqə xanımın artıq yaşlı və xəstəlik dövrünə təsadüf etdi. Yazacağım və xatırlayacağım şeylər daha çox kədərli və ağrılı olardı.

Yəni düşünürdüm ki, tarixi bir şəxsiyyət, böyük bir hərəkatın rəhbəri, siyasətçi və jurnalist olan Şəfiqə Qaspıralının həyatı və fəaliyyəti yanında mənim şəxsi xatirələrim nə dərəcədə mühüm ola bilər? Bu baxımdan şübhə və tərəddüd içində idim. Elə buna görə də bu işə başlamadım.

– Şahika xanım, İsmayıl Qaspıralının Şəfiqə xanımdan başqa daha dörd övladı da var idi. Onlardan Rıfat Qaspıralı 1925-ci ildə Bağçasarayda vəfat edib. Əli Heydər, Nigar və Mənsur-Cövdət Qaspıralılar da Türkiyəyə mühacirət ediblər. Onların ailələri, övladları və nəvələri ilə əlaqəniz varmı?

– Ulu babam İsmayıl, nənəm Şəfiqə və atam Niyazidən sonra dördüncü nəsildən yalnız mən qalmışam. Zöhrə bibimin uşaqları da hamısı vəfat ediblər, onların nəvələri isə xaricdə yaşayırlar. Yəni hazırda ailənin beşinci və altıncı nəsil nümayəndələri var.

– Şahika xanım, “NENKECAN” jurnalımız, Allah nəsib etsə, 2026-cı il oktyabrın 14-də Şəfiqə Qaspıralının anadan olmasının 140 illiyi münasibətilə bir konfrans təşkil etmək niyyətindədir. Sizin bu tədbirdə baş qonağımız olmağınızı istəyir və indidən sizi Krıma dəvət edirik!

– Çox təşəkkür edirəm. Məmnuniyyətlə gələrəm. Görə biləcəyim hər hansı bir xidmət və ya lazım olan kömək olarsa, məmnuniyyətlə hazıram.

– Krıma deyəcəyiniz sözlər varmı?

– Krıma və hər kəsə qucaq dolusu salam və sevgilər! Ora mənim vətənimdir!

Zera Bəkirova

Fotolar Şahika Kürdəmirin şəxsi arxivindəndir.

Ankara, 2025-ci il.

Mətni hazırladı: Dilqəm ƏHMƏD