BAKI, 31 avqust. TELEQRAF

ABŞ Hörmüz boğazında İrana qarşı məhdud miqyaslı zərbələr endirmək imkanını nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə "Axios" portalı ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat paylaşıb.

Məlumata görə, ABŞ Prezidenti Donald Tramp və administrasiyanın bir neçə yüksəkrütbəli nümayəndəsi İranın radar və raket imkanlarını bərpa etməsinin qarşısını almaq üçün Hörmüz boğazı ərazisinə nöqtə zərbələrinin endirilməsini müzakirə edir. Vaşinqton bu addımla neft tankerlərinə, həmçinin regiondakı ABŞ hərbi gəmiləri və təyyarələrinə qarşı oluna biləcək hücum riskini azaltmağı hədəfləyir.

Müvafiq planlar ABŞ hərbçiləri tərəfindən hazırlanıb və Müdafiə naziri Pit Heqset tərəfindən dəstəklənib. Lakin eskalasiyadan qaçmaq məqsədilə Ağ Ev hələlik planın icrasına dair rəsmi sərəncam verməyib.

Bununla yanaşı, ABŞ qüvvələri İranın cənubundakı Larak adasında iki raket qurğusuna zərbə endirib. Tehran cavab olaraq ABŞ-nin İordaniya və BƏƏ-dəki bazalarına raket zərbələri endirib.

ABŞ Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə sistemlərinin İrandan atılan raketləri dəf etdiyini bildirən D.Tramp Vaşinqtonun hücumlara sərt cavab verəcəyini bəyan edib.

"İordaniyadakı qüvvələrimizə edilən gecə hücumundan sonra İrana qarşı güclü cavab zərbəsi endirəcəyik" - deyə ABŞ lideri vurgulayıb.