BAKI, 1 sentyabr. TELEQRAF

Londonun Nottinq-Hill rayonunda keçirilən Afro-Karib mədəniyyəti karnavalı zamanı ümumilikdə 560 nəfər saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə “Evening Standard” qəzeti Skotland-Yarda istinadən məlumat yayıb.

Bildirilib ki, saxlanılanların sayı yaxın saatlarda bir qədər arta bilər. Yekun rəqəmlərin sentyabrın 1-də açıqlanacağı gözlənilir.

Polis karnavalla əlaqəli bir ölüm faktının da qeydə alındığını bildirib. Avqustun 31-də tədbirin girişində polis tərəfindən saxlanılan 20-30 yaşlarında kişi hüquq-mühafizə orqanlarının əməkdaşlarından qaçarkən yaxınlıqdakı su kanalına tullanıb və boğularaq ölüb.

Qeyd edək ki, Nottinq-Hilldə ənənəvi karnaval 1964-cü ildən keçirilir. Avropanın ən böyük küçə festivallarından biri hesab olunan tədbirə hər il bir milyondan çox yerli sakin və turist qatılır.