QÜDS, 31 avqust. TELEQRAF

Azərbaycandan olan bir qrup jurnalist Qüdsdəki “Yad Vaşem” Holokost memorial kompleksini ziyarət edib.

Teleqraf-ın İsrailə ezam edilmiş əməkdaşı xəbər verir ki, “Yad Vaşem” — Holokost zamanı qətlə yetirilmiş yəhudilərin xatirəsinin qorunmasına həsr olunmuş dünyanın ən mühüm memorial və tədqiqat mərkəzlərindən biridir.

Kompleks Qüdsdəki Xatirə dağı (Mount of Remembrance) ərazisində yerləşir və burada Holokost Tarixi Muzeyi, Holokost İncəsənəti Muzeyi, arxivlər, tədqiqat mərkəzləri və müxtəlif memorial məkanlar fəaliyyət göstərir.

Jurnalistlər ziyarət zamanı Holokost Tarixi Muzeyi ilə tanış olub, nasist Almaniyası və onun müttəfiqləri tərəfindən Avropadakı yəhudilərə qarşı həyata keçirilən təqiblər, deportasiyalar və kütləvi qətllər barədə məlumat əldə ediblər.

Muzeydə tarixi sənədlər, fotoşəkillər, şəxsi əşyalar, incəsənət nümunələri və Holokostdan sağ çıxan insanların şahid ifadələri təqdim olunur. Ekspozisiya hadisələri xronoloji ardıcıllıqla təqdim etməklə yanaşı, ayrı-ayrı qurbanların şəxsi hekayələrinə də xüsusi diqqət yetirir.

Kompleksin mühüm bölmələrindən biri Adlar Zalıdır (Hall of Names). Burada Holokost zamanı öldürülmüş yəhudilərin adları və həyat hekayələri əbədiləşdirilir.

“Yad Vaşem” adı ibrani dilində “ad və xatirə” mənasını verir. Memorial kompleksin əsas məqsədlərindən biri Holokost qurbanlarının adlarını, həyatlarını və xatirələrini gələcək nəsillərə çatdırmaqdır.