BAKI, 31 avqust. TELEQRAF

Sentyabrın 20-də toyu planlaşdırılan 17 yaşlı qızın ailəsi nəzarətə götürülüb.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, məcburi evləndirilməyə cəhd edilən azyaşlı ilə bağlı təkrar risklərin aradan qaldırılması məqsədilə ailə rayon icra hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən qeydiyyata alınıb və müntəzəm monitorinqlər həyata keçiriləcək.

"Erkən evliliyə cəhd hadisəsinin qarşısının alınması məqsədilə Dövlət Komitəsi tərəfindən aidiyyəti komissiyaya rəsmi məktub ünvanlanıb. Erkən evlilik hallarının Cinayət və İnzibati Xətalar məcəllələrinə əsasən ciddi məsuliyyətə səbəb olduğu valideynlərin nəzərinə çatdırılıb. Bu növ məlumatlar əsasında yerli icra hakimiyyətləri, uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar və rayon polis bölməsinin səlahiyyətli nümayəndələri ilə koordinasiyalı fəaliyyət əsasında sözügedən halların qarşısı dərhal alınır", - məlumatda vurğulanıb.

Xatırladaq ki, hadisə barədə ilk məlumatı "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə paylaşıb. O bildirib ki, sentyabrın 20-də toyu planlaşdırılan 17 yaşlı qız məcburi evliliyə etiraz edərək valideynlərinin cehiz almaq üçün Sədərək ticarət mərkəzinə getməsindən istifadə edərək taksi ilə sığınacağa qaçıb.