BAKI, 31 avqust. TELEQRAF
Kişineuda fəaliyyət göstərən Moldova Azərbaycanlıları Konqresinin (MAK) nümayəndələri Moldova Respublikasının müstəqilliyinin elan olunmasının 35-ci ildönümü münasibətilə keçirilən rəsmi tədbirdə iştirak edib.
Teleqraf xəbər verir ki, tədbirdə Moldova Respublikasının Prezidenti Maya Sandu, Baş nazir Vasile Tofan, Parlamentin sədri İqor Qrosu, Millətlərarası Münasibətlər Agentliyinin baş direktoru Vyaçeslav Ryabçinski və müxtəlif etnomədəni təşkilatların rəhbərləri yer alıb.
Mərasimdə diaspor və etnik icmaların nümayəndələrinin ənənəvi milli geyimlərdə iştirakı Moldovanın etnik və mədəni müxtəlifliyini, eləcə də ölkədə yaşayan müxtəlif xalqların birliyini əks etdirib.
Təntənəli mərasim zamanı Mariya Bieşu adına Moldova Respublikası Milli Opera və Balet Teatrının solisti, Moldovanın əməkdar artisti Anna Çernikovanın ifasında Moldova Respublikasının Dövlət Himni səsləndirilib.
MAK-nin sədri Elçin Bayramov Moldova Respublikasının Prezidenti Maya Sandunu, Parlamentin sədri İqor Qrosunu və Baş nazir Vasile Tofanı Müstəqillik Günü münasibətilə təbrik edib. O, ölkə rəhbərliyinə və Moldova xalqına sülh, firavanlıq və davamlı inkişaf arzulayıb.
MAK nümayəndələrinin tədbirdə iştirakı Azərbaycan diasporunun Moldova Respublikasına ehtiramının göstəricisi olmaqla yanaşı, soydaşlarımızın ölkənin ictimai həyatında fəal rolunu da vurğulayıb.