BAKI, 31 iyul. TELEQRAF

Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan “Araz” supermarketlər şəbəkəsinin fəaliyyətinin 15 illiyi münasibətilə keçirilən “Yurdumuzun doğma marketi” adlı rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Müsabiqədə Bakı şəhəri ilə yanaşı, respublikanın müxtəlif bölgələrindən 5–15 yaş arası uşaqlar iştirak edib. İştirakçılar “Araz” supermarketlər şəbəkəsini öz baxış bucaqlarına və şəxsi təxəyyüllərinə uyğun şəkildə təsvir edərək bir-birindən maraqlı və rəngarəng rəsm əsərləri ərsəyə gətiriblər.

Layihənin əsas məqsədi uşaqların yaradıcılıq qabiliyyətlərinin inkişafına dəstək olmaq, onların rəsm sənətinə marağını artırmaq və fərdi təxəyyüllərini sərbəst şəkildə ifadə etmələri üçün əlverişli şərait yaratmaqdır.

Müsabiqə, eyni zamanda, 15 ildir yurdumuzun doğma marketi olan “Araz”ın uşaqların dünyasında necə təsəvvür edildiyini onların rəngarəng yaradıcılığı vasitəsilə nümayiş etdirib. Peşəkar rəssamlardan ibarət münsiflər heyətinin qiymətləndirməsinə əsasən qaliblər 5–8, 9–12 və 13–15 yaş kateqoriyaları üzrə müəyyən edilib.

Mükafatlandırma mərasimində hər yaş kateqoriyası üzrə fərqlənən iştirakçılara dəyərli hədiyyələr və sertifikatlar təqdim olunub. Münsiflər heyətinin seçimi əsasında qalib və həvəsləndirici mükafata layiq görülən ümumilikdə 50 rəsm əsəri tədbir çərçivəsində sərgilənib.