BAKI, 15 may. TELEQRAF

Londonda görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edən “Tağıyev: Neft” bədii filminin təqdimatı olub.

Teleqraf xəbər verir ki, Londonun mərkəzində yerləşən Britaniya Film və Televiziya Sənətləri Akademiyasının (BAFTA) möhtəşəm “Princess Anne Theatre” zalında keçirilən təqdimatda Bakı Media Mərkəzinin rəhbəri və filmin baş prodüseri Arzu Əliyeva, prodüser Orman Əliyev, rejissor Zaur Qasımlı, Xalq artisti Pərviz Məmmədrzayev, Gürcüstan, Türkiyə, Özbəkistan və digər dövlətlərin səfirləri və diplomatik korpusun digər çoxsaylı nümayəndələri, Britaniya Xarici İşlər Nazirliyinin əməkdaşları, Britaniya parlamentinin Lordlar Palatasının üzvləri, “City of London”, Millətlər Birliyi, Avropa Yenidənqurma və İnkişaf Bankı və sair təşkilatların nümayəndələri, bp şirkətinin təmsilçiləri, ictimai-siyasi xadimlər, Britaniyada yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Film Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi, “Neqsol Holding”, “Kapital Bank”, “Bakcell” və “Norm” şirkətlərinin sponsorluğu ilə Bakı Media Mərkəzi tərəfindən istehsal olunub. Ekran əsəri “Tağıyev” çoxseriyalı layihəsinin birinci hissəsidir. Filmdə XIX əsrin sonları-XX əsrin əvvəllərində Bakıda neft bumu kontekstində Hacı Zeynalabdin Tağıyevin sadə bənnadan nüfuzlu neft sənayeçisinə qədər uzanan həyat yolu təsvir olunur.

Tədbirdə çıxış edən Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov Hacı Zeynalabdin Tağıyevin Azərbaycanın iqtisadi və mədəni həyatında oynadığı mühüm roldan bəhs edib, bu yolda üzləşdiyi çətinliklər və keçdiyi sınaqların onu öz yolundan döndərmədiyini söyləyib. Səfir Tağıyevin ən böyük arzularından birinin təhsilin inkişafı və müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbinin yaradılması olduğunu xüsusi vurğulayıb.

Tarixin müxtəlif dövrlərində Azərbaycan xalqının həyatında mühüm rol oynamış görkəmli şəxsiyyətlərin olduğuna diqqət çəkən səfir Elin Süleymanov bir neçə gün əvvəl Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünün qeyd olunmasından, Ulu Öndərin ötən əsrin sonlarına yaxın Azərbaycanın ağır böhranlardan çıxaraq sabit inkişaf yoluna qədəm qoymasında həlledici və əvəzolunmaz rolundan danışıb.

Filmin Londondakı təqdimat mərasimində iştirak edən qonaqlar ekran əsəri barədə xoş təəssüratlarını bölüşüblər. Onlar layihəni yüksək keyfiyyətdə ərsəyə gətirən Bakı Media Mərkəzinin yaradıcı komandasını ürəkdən alqışlayaraq filmin Azərbaycan və onun tarixi, mədəniyyəti, dəyərləri, inkişaf yolu haqqında olduqca maraqlı məlumatlar ötürdüyünü bildiriblər. Qonaqlar bu kimi layihələrin Azərbaycanın dünyaya tanıdılmasında böyük rola malik olduğunu, Hacı Zeynalabdin Tağıyevin əslində Azərbaycan xalqına məxsus humanistlik, xeyirxahlıq, səxavətlilik, dözümlülük, mərdlik kimi xüsusiyyətləri özündə birləşdirdiyini vurğulayıblar.

Xalq artisti Pərviz Məmmədrzayev filmin Rusiyada və ABŞ-nin Los-Anceles şəhərində nümayişindən sonra Londonda təqdimatının keçirilməsinin sevindirici olduğunu bildirib. Onun sözlərinə görə, film auditoriya tərəfindən böyük maraqla qarşılanıb və yaradıcı heyət çoxsaylı təbriklər alıb