BAKI, 27 aprel. TELEQRAF

Azərbaycan Ankarada Beynəlxalq Mədəniyyət Festivalında iştirak edib.

Bu barədə Teleqraf-a Türkiyədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, müxtəlif xalqların mədəniyyətlərini bir araya gətirən tədbirdə Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi “Azərbaycan stendi” təşkil edib və milli mədəniyyətimizə dair nümunələr təqdim olunub.

Festivalda Türkiyə, ABŞ, Ukrayna, Qazaxıstan, Özbəkistan, Böyük Britaniya, Qırğızıstan, Hindistan və digər ölkələr iştirak edərək, ölkə stendlərini hazırlayıb, öz mədəniyyətlərini, adət-ənənələrinə dair guşələr və milli mətbəxlərini təqdim ediblər.

Tədbir çərçivəsində təşkil olunan Azərbaycan stendi ziyarətçilərin xüsusi marağına səbəb olub. Azərbaycan Mədəniyyət Mərkəzi Beynəlxalq Festivalda iştirakını Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr edib, Azərbaycan guşəsində ölkəmizin qədim dövlətçilik tarixi, zəngin mədəni irsi, milli dəyərləri və incəsənəti barədə müxtəlif nəşrlər və suvenirlər nümayiş etdirilib.

Ziyarətçilərə ölkəmiz haqqında ətraflı məlumat verilib, Azərbaycanın turizm potensialı və mədəni zənginliyi geniş şəkildə təbliğ olunub.

Festival iştirakçılarına Azərbaycan mətbəxinin seçilən nümunələri - plov, dolma, ləvəngi və s. kimi milli yeməklərlə yanaşı, şirniyyatlarımız - şəkərbura, paxlava, badambora qonaqlar təqdim olunub.

Tədbir çərçivəsində DODEA Beynəlxalq məktəbində təhsil alan müxtəlif ölkələrdən olan şagirdlərin iştirakı ilə rəngarəng yürüş təşkil edilib.

Festivalın bədii hissəsində müxtəlif ölkələrin hazırladığı konsert proqramları təqdim olunub.

Ankarada fəaliyyət göstərən “Səda” musiqi kursunun tələbələrinin milli musiqilərimiz əsasında hazırladığı mədəni proqram tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, Beynəlxalq Mədəniyyət Festivalı xalqlar arasında mədəni mübadilənin inkişaf etdirilməsi, qarşılıqlı anlaşma və dostluq münasibətlərinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycanın bu kimi beynəlxalq platformalarda fəal iştirakı ölkəmizin zəngin mədəni irsinin beynəlxalq səviyyədə, gələcək nəsillər olan uşaqlarımız, gənclər arasında tanıdılmasına hədəflənib.