ZƏNGİLAN, 15 may. TELEQRAF

Zəngilan şəhərinə növbəti köç karvanı çatıb, ailələrə yeni mənzillərinin açarları təqdim olunub.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, ANAMA əməkdaşları köç edən sakinlərlə görüşərək mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat veriblər. Onlara naməlum əşya və cisimlərdən uzaq durmaq, belə hallarla rastlaşdıqları zaman aidiyyəti qurumlara məlumat vermək tövsiyə olunub.

Açarların təqdim edilməsi mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi əməkdaşları, həmçinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, bu mərhələdə Zəngilan şəhərinə 5 ailə olmaqla ümumilikdə 26 nəfər köçürülüb. Həmin ailələr indiyədək respublikanın müxtəlif bölgələrində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış şəxslər olublar.

***

14:28

Şükürbəyli kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, respublikanın müxtəlif yerlərindən köçürülən 107 ailələrə mənzillərin açarları təqdim edilib.

***

13:13

Zəngilan rayonunun Şükürbəyli kəndinə yola salınan növbəti köç karvanı mənzil başına çatıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, 107 ailə olmaqla 453 nəfərə mənzil başına yetişib.

Onlara sahib olduqları mənzillərin açarları təqdim ediləcək.

***

06:50

Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb.

Teleqraf xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Zəngilan şəhərinə 5 ailə-26 nəfər, Cəbrayıl rayonunun Şükürbəyli kəndinə isə 107 ailə-453 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.