BAKI, 15 may. TELEQRAF

“Rusiya ilə Ermənistan hazırda yaxın, həmçinin mürəkkəb münasibətlərə malikdir”.

Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Ermənistanla münasibətlərimiz davam edir, bu münasibətlər yaxın və müttəfiqlik xarakteri daşıyır, amma eyni zamanda mürəkkəbdir. Çünki Qərb Müstəqil Dövlətlər Birliyinin bəzi digər üzvlərində olduğu kimi, Ermənistanı da yenidən öz təsiri altına salmağa çalışır”, - o bildirib.

Lavrovun sözlərinə görə, Qərb Ermənistanın MDB və Avrasiya İqtisadi İttifaqındakı tərəfdaşları ilə qarşılıqlı faydalı iqtisadi, ticari və investisiya əlaqələrini pozmağa cəhd edir.

Rusiya xarici işlər naziri vurğulayıb ki, Avrasiya İqtisadi Birliyinin yaxınlarda keçiriləcək sammitində üzv ölkələr Ermənistanı Qərbin orbitinə çəkmək cəhdləri ilə bağlı məsələləri müzakirə edə biləcəklər:

“Hesab edirəm ki, bu, Ermənistanı öz orbitinə çəkməkdə Avropa İttifaqının israrından irəli gələn, o cümlədən Ermənistanın Avrasiya İqtisadi Birliyi vasitəsilə əldə etdiyi üstünlüklərdən güzəştə getmək bahasına ortaya çıxan məsələləri müzakirə etmək üçün optimal fürsətdir. Bütün bu məsələləri dürüst və açıq şəkildə müzakirə etmək imkanı mayın son həftəsinin sonunda, Qazaxıstanda Avrasiya Ali İqtisadi Şurasının sammiti keçiriləcəyi zaman yaranacaq.

Düzdür, eşitmişəm ki, Baş nazir Nikol Paşinyan seçki məsələləri ilə məşğul olduğunu və Avrasiya İqtisadi Birliyi liderlərinin bu görüşündə iştirak edə bilməyəcəyini bildirib. Əlbəttə, bu, təəssüf doğurur, çünki bu, hazırda havada olan məsələləri müzakirə etmək üçün yaxşı fürsətdir”.