BAKI, 6 may. TELEQRAF
Türkiyədə Azərbaycan Kino Günləri keçirilir.
Bu barədə Teleqraf-a Türkiyədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.
Turan Film Festivalı çərçivəsində təşkil edilən günlərə İzmir şəhərinin Egey Universitetində baş tutan rəsmi açılış mərasimi ilə start verilib.
Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Kino Agentliyi və Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə baş tutub. Layihə çərçivəsində yeni Azərbaycan filmləri Türkiyənin İzmir və Bursa şəhərlərində tamaşaçılara təqdim olunacaq.
Açılış mərasimində Türkiyənin Turan Film Festivalının Baş koordinatoru, Egey Universitetinin prorektoru, professor Mehmet Ersan çıxış edərək Azərbaycan ilə Türkiyə arasındakı tarixi dostluğu və qardaşlıq münasibətlərindən danışıb. O, Türk dünyasını əhatə edən nüfuzlu mədəni tədbirlərdən olan Turan Film Festivalı çərçivəsində Azərbaycan Kino Günlərinin keçirilməsinin əsas məqsədinin qardaş Azərbaycanda yeni çəkilmiş filmlərin Türkiyədə, eləcə də Türk dünyasında tanıdılmasına xidmət etdiyini bildirib.
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov çıxışında Azərbaycan və Türkiyə arasında mövcud qardaşlıq münasibətlərinin bütün sahələrlə yanaşı, mədəniyyət və incəsənətdə də özünü ən güclü şəkildə büruzə verdiyini vurğulayıb. Səfir günlər çərçivəsində mədəniyyətimizin təbliği, filmlərimizin tanıdılması, eləcə də ölkəmizin tarixi və mədəniyyətinin daha dərindən öyrənilməsinə xidmət etdiyini bildirib.
Azərbaycan Kino Agentliyinin Baş direktorunun köməkçisi Rüfət Qarazadə isə çıxışında günlər və nümayiş olunan “Nargin: Sona qədər sirli” filmi haqqında danışıb.
Tədbirdə İzmirdəki dövlət nümayəndələri, Ankaradakı səfirliyimizin, Azərbaycan Kino Agentliyinin, İzmir Mədəniyyət və Turizm İdarəsi, Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi, yerli azərbaycanlılar, universitetin müəllim-tələbə heyəti iştirak ediblər.
Sonra tamaşaçılara “Nargin: Sona qədər sirli” filmi təqdim olunub.
Filmin ssenari müəllifi, rejissor Xəyyam Abdullayev və baş rolda yer alan aktrisa Günel İmanova da tədbirdə iştirak ediblər.
Ekran əsərində Xəzər dənizində, Bakı yaxınlığında yerləşən Nargin adasında saxlanılan Osmanlı əsirlərinin ağır həyatı, eləcə də Azərbaycan xalqının həmin əsirlərə göstərdiyi qardaşlıq köməyi, mərhəmət və humanist dəyərlər təsvir olunur.
Türkiyədə Azərbaycan Kino Günləri tədbirləri davam edir.