BAKI, 24 aprel. TELEQRAF

Türkiyənin Rizə şəhərində keçirilən ənənəvi Rizə Kitab sərgisinin açılışı olub.

Bu barədə Teleqraf-a Türkiyədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, açılış mərasimində Türkiyə Daxili işlər naziri Mustafa Ciftçi, Rizə şəhər valisi İhsan Selim Baydaş, Rize Bələdiyyə sədri vəzifəsini icra edən Abdulkadir Öksüz, Rizə millətvəkili Harun Mertoğlu, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, yerli dövlət, ictimaiyət və media nümayəndələri iştirak ediblər.

Çıxışlarda qeyd olunub ki, Türkiyənin Qara dəniz bölgəsinin mədəni həyatında xüsusi hadisə olan sərgi mədəniyyətin, elmin, kitabın bayramına çevrilərək mühüm bir platforma halına gəlib.

Rizə Kitab Sərgisində Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycan stendi təşkil olunub. Rəsmi açılışdan sonra qonaqlar sərginin fəxri qonağı Azərbaycanın təşkil olunmuş stendini ziyarət ediblər.

Sərgidə Azərbaycan dövlətçiliyi, tarixi, mədəniyyəti, Ulu Öndər Heydər Əliyevin irsi, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı nailiyyətlərə dair nəşrlər, Heydər Əliyev Fondunun nəşrləri, Mədəniyyət Nazirliyi tərəfindən göndərilən kitablar sərgilənir.

Rizə Kitab Sərgisində Azərbaycan Mədəniyyət Mərkəzinin böyük Azərbaycan şairi Nizami Gəncəvinin Türk tərcüməçi, professor Nimət Yıldırım tərəfindən Türkiyə Türkcəsinə tərcümə edilmiş və nəşr edilmiş "Həmsə"yə aid 3 əsərin, habelə tarixçi Dilqəm Əhməd tərəfindən hazırlanmış "Doğu ve Batı arasında bir mütefekir: Ahmet Ağaoğlu" adlı kitabların təqdimatı da planlaşdırılır.

Azərbaycan stendində həmçinin Türkiyədə Azərbaycan ədəbiyyatına dair Türk dilində nəşr edən "Zəngin Yayıncılık" nəşriyyatının kitabları da sərgilənir.
Azərbaycan stendində və kitab təşviqi tədbirləri çərçivəsində Türkiyədə çalışan Azərbaycanlı alimlər - Mərmərə Universitetindən professoru Mehdi Gəncəli, Nizami tədqiqatçısı, Azərbaycan Milli Elmlər Akademiyasının dosenti Təhminə Bədəlova və Ərzurum Atatürk Universitetinin bölüm müdiri professor Nimet Yıldırım ədəbiyyatımıza dair panel və təqdimatlarda çıxış edəcəklər.