BAKI, 30 aprel. TELEQRAF
Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi, Azərbaycan Rəssamıq Akademiyası, İzmir Azərbaycan və Antalya Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəklərinin dəstəyi ilə İzmir və Antalya şəhərlərində “Çağdaş Azərbaycan rəssamlarının sərgisi” keçiriləcək.
Bu barədə Teleqraf-a Türkiyədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, “Renklerin zarafeti: Sanatın zaferi” ("Rənglərin incəliyi: Sənətin zəfəri") adlı rəsm sərgisində Azərbaycanlı qadın rəssamların, habelə Türkiyədə fəaliyyət göstərən tanınmış azərbaycanlı rəssamların əsərləri sərgilənəcək.
Cari il 28 aprel-16 may tarixlərində İzmir Adnan Sayğun Sənət Mərkəzində nümayiş etdiriləcək sərgidə əsərlər əsasən Vətən, Azərbaycan mədəniyyəti, Bakı, İzmir, təbiət, Qarabağ mövzusu, qadın gözəlliyi, sevgi və sair mövzuları əhatə edir.
Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə “Renklerin zarafeti: Sanatın zaferi” adlı müasir Azərbaycan rəssamlarının sərgisi İzmir-Bakı: Qardaşlaşmış şəhərlər haqqında müqavilənin imzalanmasının 40-cı ildönümü ilə bağlı təşkil edilir.
Antalyada isə cari il 22 may tarixində Akdeniz Universitetinin sərgi salonunda sözügedən sərginin nümayişi planlaşdırılır.