BAKI, 29 aprel. TELEQRAF
Berlində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Xalq artisti Fəxrəddin Manafovla görüş keçirilib.
Teleqraf xəbər verir ki, görüş Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Almaniya Azərbaycanlıları Alyansının dəstəyi ilə baş tutub.
Tədbir Fəxrəddin Manafovun iştirak etdiyi film və tamaşalardan seçilmiş fraqmentlərin nümayişi ilə başlayıb. Videomateriallar Xalq artistinin zəngin yaradıcılıq yoluna qısa baxış imkanı yaradıb.
Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü Emin Salayev belə tədbirlərin diaspor üzvləri arasında milli birliyin gücləndirilməsində xüsusi rol oynadığını vurğulayıb.
Azərbaycanın Almaniyadakı Səfirliyinin müşaviri Samir Rzayev, tədbirin təşkilində iştirak edən diaspor fəalı Bella Salayeva belə görüşlərin xaricdə milli-mədəni irsin qorunması və inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Xalq artisti Fəxrəddin Manafov çıxışında yarım əsrə yaxın yaradıcılıq fəaliyyətindən söz açaraq, Azərbaycan kino və teatr məktəbinin inkişaf mərhələlərində qazandığı təcrübəni iştirakçılarla bölüşüb. Bildirib ki, səhnədə və ekran qarşısında qazanılan uğurun əsasında sənətə sədaqət, peşəyə hörmət və daim öz üzərində çalışmaq dayanır. Xalq artisti, həmçinin film və teatrlarda oynadığı obrazlardan danışıb, aktyor sənətinin incəliklərindən və bu peşənin daxili intizam tələb edən tərəflərindən söz açıb.
Görüşdə həmçinin mərhum Xalq artisti Rasim Balayevin də zəngin yaradıcılığına diqqət çəkilib, onun əziz xatirəsi ehtiramla yad edilib.
Daha sonra “Xarı Bülbül” Azərbaycan Mədəniyyət Evinin 17 yaşlı şagirdi Lior Sultanov aktyorun obrazını canlandıran monoloq söyləyib.