BAKI, 15 may. TELEQRAF

“Qarabağ”ın və Polşa millisinin qapıçısı Mateuş Koxalski hazırda heç bir klubdan təklif almayıb.

Bu barədə Teleqraf-a 26 yaşlı qolkiper özü məlumat verib.

Koxalski Azərbaycandakı karyerasını hansı halda davam etdirəcəyini də açıqlayıb:

“Hazırda heç bir təklif yoxdur, ona görə də karyeramla bağlı dəqiq qərar verməmişəm. Yayda nə baş verəcək, bilmirəm. Əgər getmək və arzumun gerçəkləşməsi üçün yaxşı təklif olsa, gedərəm. Təbii ki, bunun üçün də böyük klubdan yaxşı təklif almalıyam ki, reallaşsın. Əks halda, “Qarabağ”da qalaram”.

Qeyd edək ki, Mateuş Koxalskinin “Qarabağ”la müqaviləsi 2027-ci ilin iyununda başa çatır. Polşa mətbuatının məlumatına görə, 2026-cı il iyulun 1-dən qüvvəyə minəcək müqavilə bəndi qapıçının başqa kluba transferini asanlaşdıra bilər.

Bu müddəa bir ay ərzində aktiv olacaq və futbolçunun 2,5 milyon avro qarşılığında klubunu dəyişməsinə imkan verəcək.