BAKI, 17 aprel. TELEQRAF

“Aprelin 15-dən etibarən "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində 2026-2027-ci tədris ili üçün dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbulu elan edilib. Hazırda proqramda 33 ölkədən 230-dan çox universitet var”.

Teleqraf xəbər verir ki, bunu Dövlət Proqramı İdarəetmə Qrupunun layihə rəhbəri Qədir Xəlilov proqramın təqdim etdiyi imkanlara həsr olunmuş tədbirdə deyib.

O bildirib ki, proqramda 15 priotet ixtisas var, onlar üzərindən universitet seçimləri edilir.

"Yeniliklərdən biri mədəniyyət və incəsənət sahəsi üzrə proqramların sayının 19-a çatdırılmasıdır. Müsahibə mərhələsində isə minimum keçid balı 40 olaraq müəyyənləşdirilib.

Eyni bal toplayan namizədlər arasında seçim aparılarkən onların digər akademik göstəriciləri də nəzərə alınır və daha yüksək nəticə göstərən namizəd proqram iştirakçısı seçilir”.

O qeyd edib ki, beş illik öhdəliklə bağlı bəzi tələbələr mövcud şərtlərdən tam razı olmadıqlarını bildirirlər.

"Bu məsələ ilə bağlı müəyyən narazılıqlar müşahidə olunurdu. İndi biz bunu az müşahidə edirik. Əksər məzunlar məmnuniyyətlə geri qayıdırlar. Digər tərəfdən, artıq xarici şirkətlərdə işlə təmin olunduğunu əsas gətirərək geri qayıtmaq istəməyən tələbələr də var. Lakin qaydalara əsasən, onlar mütləq geri qayıtmalıdırlar".

Qeyd edək ki, sənəd qəbulu üçün son tarix iyunun 5-i saat 18:00-dır. Dövlət Proqramı çərçivəsində təsdiqlənmiş ali təhsil müəssisələri və təhsil proqramlarının yenilənmiş siyahısı ictimaiyyətə təqdim olunub.

Proqrama müraciət üçün əsas şərtlərdən biri məhz sözügedən siyahıda yer alan proqramlardan biri üzrə qəbul sənədinin əldə edilməsidir.