BAKI, 23 dekabr. TELEQRAF

"Təyyarə qəzası ilə bağlı təhqiqatlar illərlə davam edə bilər".

Teleqraf xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC (AZAL) vitse-prezidenti İlham Əmirov jurnalistlərə açıqlamasında bildirib.

“Qazaxıstan dövlət komissiyasının tam hesabatına gəlincə, adətən beynəlxalq qurumlar dünyanın istənilən nöqtəsində baş vermiş qəzalarla əlaqədar tənzimləyici sənədlərdə qeyd edirlər ki, hadisə baş verdikdən sonra bir il ərzində təhqiqatın başa çatması tövsiyə olunur.

"Şərt qoyulmur, tövsiyə olunur. Çünki bunun nəticələri olduqca vacib bir əhəmiyyət daşıyır. Bunu sonradan bütün dünya aviasiya qurumlarına yayırlar ki, belə hadisələr bir də gələcəkdə baş verməsin. Məhdudiyyət yoxdur. Qəza hadisələri, əgər buna ehtiyac varsa, təhqiqatlar illərlə davam edə bilər. Məsələn, hansısa bir təhqiqat gedirsə, təyyarənin hansısa bir hissəsini, cihazını, aqreqatını təhlil etmək üçün müəyyən institutlarda ona açılış edib baxırlar. Bu, çox zaman apara bilər. Amma adətən tövsiyə olunur ki, bir ilə başa çatsın. Məhdudiyyət qoymurlar, nəyə görə? Çünki yaranmış təhqiqat komissiyası o vaxt məhdudiyyətinin təsirindən hansısa bir qeyri-obyektivliyə yol verə bilər. Buna görə də beynəlxalq standart məhdudiyyət qoymayıb", - deyə o qeyd edib.