BAKI. 10 oktyabr, TELEQRAF
Xəstəxana divarları arasında gözüm tibb bacısından bir stəkan su alıb titrəyən əlləri ilə dodağının yerini tapmağa çalışan qadına zillənib.
Xanıma yaxınlaşmaq istəyəndə dərhal həmşirə qarşımı kəsir, bir addım da atıb qulağıma pıçıldayır:
- Gözlərini itirib və bir daha görməyəcək...
Gözünə tənzif bağlayıblar, yoxsa göz görə-görə belə ağır həqiqəti bilərək onun gözünün içinə baxa bilməzdim. Dəhşətə bax ki, həmin gecə Allaha şükür etdiyim tək məqam bu idi...
Ayaqlarım əsə-əsə gözlərinin ərazi bütövlüyünü itirən xanımın qarşısındayam:
- Adınız nədir?
- Pərvin
- Hadisə necə oldu?
- Heç nə hiss etmədim, bir də ayıldım ki, torpağın altındayam. Allah bəlalarını versin...

Pərvinin öz gözləri ilə şahid olduğu sonuncu hadisə gözlərini itirdiyi hadisədir. Ermənilərin Gəncəyə atdığı raket nəticəsində Pərvinin sürmə çəkdiyi gözlərinə qəlpələr dolmuşdu. Ailəli idi, iki övladı var. Hadisədən bir il sonra da mövcud duruma görə öz istəyi ilə həyat yoldaşından ayrılıb. Boşanma kağızına yox, həyata qarşı kapitulyasiya aktına imza atmışdı Pərvin...
26 yaşlı Pərvin Qasımova sonuncu dəfə günəşi 5 il öncənin bu ayında görüb.Həmin gecədən övladlarının gözünün önündə necə böyüdüyünü ancaq onların saçını darayanda, üzünə sığal çəkəndə hiss edir. Həmin tarixdən onun gözləri əlləridir, əlildir.
Yox, yox! Bu, belə dəhşətli hadisənin fonunda yanlış ifadədir, əlil yox, şəhid! Pərvin gözlərini Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid vermişdi...