BAKI, 21 aprel. TELEQRAF

Son günlər Türkiyədə məktəblərə olan hücumlar və eləcə də bir müddət öncə Bakıda İdrak liseyində yaşanan silahlı insident yeniyetmələrin psixoloji vəziyyəti, onların asanlıqla silaha qurşanıb cinayət törətməsi faktlarını yenidən gündəmə gətirib. Cəmiyyəti dərindən sarsan, ciddi narahatlığa, təşvişə səbəb olan bu hadisələr sos siqnalıdır.

Teleqraf İnformasiya Agentliyi yaşananlar fonunda məsələnin psixoloji tərəfləri ilə bağlı bir neçə yazı təqdim edib.

Bu dəfəki araşdırma Azərbaycanda azyaşlılar tərəfindən törədilən cinayətlər, onların cəzaçəkmə müəssisəsində hansı formada islah olunması barədədir.

Dünya ölkələrində vəziyyət necədi?

Dünya ölkələrində yetkinlik yaşına çatmayan şəxslərin cinayət məsuliyyəti məsələsi fərqli hüquqi mexanizmlərlə tənzimlənsə də, ümumi yanaşma oxşardır. Əksər ölkələrdə əsas məqsəd cəza verməkdən daha çox, yeniyetmələrin islahı və cəmiyyətə reinteqrasiyasıdır.

Bir çox Avropa ölkələrində, o cümlədən Almaniya, Fransa və Niderlandda yetkinlik yaşına çatmayanlara qarşı daha çox alternativ tədbirlər tətbiq olunur. Bu tədbirlərə ictimai işlər, psixoloji dəstək proqramları, davranış nəzarəti və xüsusi təhsil proqramları daxildir. Həbs isə yalnız ağır cinayətlər zamanı son vasitə kimi istifadə edilir. Böyük Britaniyada da oxşar yanaşma müşahidə olunur. Bu ölkədə fəaliyyət göstərən xüsusi gənclər məhkəmələri (youth courts) yetkinlik yaşına çatmayanların işlərinə baxır və əsasən nəzarət, reabilitasiya və sosial proqramlara üstünlük verilir.

ABŞ-də isə yanaşma bəzi hallarda daha sərt ola bilər. Belə ki, ağır cinayətlər törədən yeniyetmələr müəyyən ştatlarda böyüklər kimi mühakimə edilə bilir. Bununla belə, burada da geniş şəkildə xüsusi yeniyetmə müəssisələri və reabilitasiya proqramları mövcuddur.

Yaponiyada yetkinlik yaşına çatmayanların işlərinə əsasən ailə məhkəmələri baxır və uşaqlar daha çox tərbiyə və nəzarət yönümlü müəssisələrə yönləndirilir.

Neçə azyaşlı cinayət törədib?

Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara əsasən, son 10 ildə ölkədə azyaşlılar tərəfindən törədilən cinayətlərin ümumi sayı illər üzrə dalğalı dinamika nümayiş etdirib.

Belə ki, Azərbaycanda ən yüksək göstərici 2023-cü ildə – 494 nəfər, ən aşağı göstərici isə 2021-ci ildə – 349 nəfər olub.

2024-cü ilin son məlumatlarına görə isə 472 azyaşlı cinayət törədib. Onlardan 460-ı oğlan, 12-si isə qızdır.

Azyaşlılar tərəfindən qrup halında törədilən cinayətlərlə bağlı 81 fakt qeydə alınıb.

Bu cinayətlər arasında ən çox rast gəlinəni oğurluqdur. Belə ki, 2024-cü ildə 161 oğurluq faktı müəyyən edilib.

Yetkinlik yaşına çatmayan şəxs kimdir?

Hüquqşünas, Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, qanunvericiliyə əsasən, cinayət törədərkən 14 yaşı tamam olmuş, lakin 18 yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur.

Həmin şəxslər cinayət törətdikdə onlara cəza təyin edilə və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq oluna bilər.

Cəza növləri hansılardır?

“Bunlar cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrumetmədir.

Cərimə yalnız müstəqil gəliri və ya bu cəzanın icrasına yönəldilə bilən əmlakı olan yetkinlik yaşına çatmayana təyin edilir. Cərimənin maksimal məbləği 600 manatdır.

İctimai işlər 80 saatdan 320 saatadək müddətə təyin olunur. Yetkinlik yaşına çatmayan məhkumun bacarığı nəzərə alınmaqla, bu işlər onun təhsildən və əsas işindən asudə vaxtında yerinə yetirilir. Bu cəzanın icra müddəti 15 yaşadək şəxslər üçün gündə iki saatdan, 15-16 yaşlı şəxslər üçün isə gündə üç saatdan çox ola bilməz.

Yetkinlik yaşına çatmayanlara islah işləri iki aydan bir ilədək müddətə təyin olunur. Bu zaman məhkumun qazancından məhkəmənin hökmü ilə müəyyən edilmiş qaydada 5 faizdən 20 faizə qədər tutulur. Azadlığın məhdudlaşdırılması isə iki aydan iki ilədək müddətə təyin edilə bilər”.

Hansı cəza tətbiq olunmur?

Ə.Nuriyevin sözlərinə görə, bu cəzalara ömürlük azadlıqdan məhrumetmə, hərbi xidmət üzrə məhdudiyyət və bəzi əlavə cəzalar daxildir.

“Əsas prinsip ondan ibarətdir ki, yetkinlik yaşına çatmayanlara tətbiq edilən cəza tərbiyə və sosial reabilitasiya məqsədi daşımalıdır.

Yetkinlik yaşına çatmayanlara azadlıqdan məhrumetmə 10 ildən artıq təyin edilə bilməz. BMT-nin Uşaq Hüquqları Konvensiyasına görə, uşağın həbs edilməsi yalnız son çarə kimi və ən qısa müddət üçün tətbiq olunmalıdır.

Az ağır cinayətlərə görə əsasən alternativ cəzalara üstünlük verilir, azadlıqdan məhrumetmə isə minimum səviyyədə tətbiq olunur.

Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə mexanizmi də mövcuddur. Beləki, az ağır cinayətlərə görə cəzanın üçdə biri, ağır cinayətlərə görə yarısı, xüsusilə ağır cinayətlərə görə isə üçdə ikisi çəkildikdən sonra şərti azadetmə mümkündür”.

"Uşaqlarla bağlı məlumatlar kifayət qədər araşdırılmır"

Hüquq müdafiəçisi hesab edir ki, uşaq nə qədər uzun müddət azadlıqdan məhrum edilərsə, residiv riski bir o qədər artır və o, həbsxana mühitinin təsiri altına daha tez düşür:

“Məncə, ən böyük boşluqlardan biri məhkəməyədək mərhələdə uşaqla bağlı məlumatların kifayət qədər araşdırılmamasıdır. Cinayət işlərində uşağın tərbiyəsi, sosial mühiti və psixoloji vəziyyəti dərindən öyrənilməlidir.

Psixoloji qiymətləndirmə çox zaman formal xarakter daşıyır, ailə mühiti isə kifayət qədər təhlil edilmir. Əgər hökm çıxarılırsa, eyni zamanda yetkinlik yaşına çatmayanlar üçün reinteqrasiya mexanizmləri də təmin olunmalıdır.

Yetkinlik yaşına çatmayanların cinayətləri yalnız hüquqi məsələ kimi qiymətləndirilməməlidir. Bu, əslində sosial idarəetmə məsələsidir. Dövlət burada yalnız cəza tətbiq etmir, həm də gələcək vətəndaşın taleyi ilə bağlı qərar verir. Qanun humanizm çərçivəsində kifayət qədər formalaşdırılıb. Problem qanunda deyil, onun real icra mexanizmlərindədir".

Azyaşlılar necə islah olunur?

Azərbaycanda yetkinlik yaşına çatmayanlar Penitensiar Xidmətin Yetkinlik yaşına çatmayan şəxslər üçün olan penitensiar müəssisəsində saxlanılır.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, Cəzaların İcrası Məcəlləsinin 10.2.10-cu maddəsinə əsasən məhkum edilmiş şəxslərin təhsil almaq hüququ var və bundan irəli gələrək, nazirliyin yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəsində cəza çəkən yeniyetmələrin təhsil hüququ təmin edilir.

“Bundan əlavə dövlət qurumları ilə birgə imzalanmış müvafiq tədbirlər planına uyğun olaraq, o cümlədən qeyri-hökümət təşkilatları ilə əməkdaşlıq çərçivəsində yeniyetmə məhkumların bilik və bacarıqlarının artırılması məqsədilə badminton, futbol, basketbol, stolüstü tennis, voleybol, şahmat, rəsm, ebru sənəti və s. istiqamətdə xüsusi dərslər, dərnək və kurslar təşkil olunur.

Həmçinin müəssisədə fəaliyyət göstərən peşə məktəbinin filialında kompüter bilikləri üzrə məhkumlara müvafiq peşə bilikləri öyrədilir”.

Ombudsman Aparatından bildirilib ki, Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində yetkinlik yaşına çatmayanlar üçün olan müəssisəyə mütəmadi olaraq başçəkmələr keçirilir, saxlama şəraiti, rəftar məsələləri monitorinq edilir. Onların müraciətləri qəbul edilir, müvafiq qurumlar qarşısında qaldırılır.

"Xüsusilə qeyd etmək istərdik ki, Ombudsmanın Milli Preventiv Qrupunun tərkibinə hüquqşünaslarla yanaşı, həkim, psixoloq və sosial işçi də cəlb olunur. Uşaq hüquqları sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının nümayəndələri də ekspert qismində həmin qrupun fəaliyyətinə cəlb olunur. Müvəkkil Səbinə Əliyeva Azərbaycan Respublikası Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclaslarında iştirak edir və əfvlə bağlı müvafiq təkliflərlə çıxış edir. Ombudsman tərəfindən yetkinlik yaşına çatmayanların yaşı, psixoloji vəziyyəti nəzərə alınmaqla diqqətdə saxlanılır. Bu zaman cinayətin xarakteri, məhkumların ailə və sosial vəziyyəti, islah olunması kimi meyarlar diqqət mərkəzində olur.

Ombudsman Aparatında aparılan hüquqi təhlil işi çərçivəsində müvafiq kateqoriyadan olan şəxslərin islah prosesi, onların hüquqlarının təmini sahəsində çoxsaylı təkliflər hazırlanaraq Ombudsmanın illik məruzələrində əks olunur”.

Yeni müəssisə yaradılmalıdır

Ombudsman Aparatı təklif edir ki, böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmək cəzasına məhkum olunmuş 18-24 yaş arası şəxslər üçün ayrıca cəzaçəkmə müəssisəsi yaradılsın:

“Bu yanaşma yetkinlik yaşına çatmayan şəxslər üçün tərbiyə müəssisələrində cəza çəkən 18 yaşı tamam olmuş şəxslərin həmin müəssisələrə göndərilməsini nəzərdə tutur. Təhsilin müxtəlif pillələrinin də təmin ediləcəyi belə müəssisənin yaradılması saxlanılan şəxslərin islah prosesinə daha müsbət təsir göstərə bilər.

Dəfələrlə cinayət törətmiş, məhkum olunmuş şəxslərdən ayrı şəkildə cəza çəkmək həmin şəxslərin xoşagəlməz təsir imkanlarını tam aradan qaldırmağa, ilk dəfə məhkumluq həyatı yaşayan şəxslərin onların təsir dairəsinə düşməməsinə imkan yaradardı. Qeyd olunan bu tip müəssisənin yaradılması penitensiar müəssisələrdə sıxlığın qarşısının alınmasına da töhfə verə bilər".

"Sosial bacarıqların inkişafına yönəlmiş proqramlar icra edilir"

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova komitənin məhkum olunmuş yeniyetmələrlə bağlı gördüyü işlərlə bağlı bunları deyib:

“Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisələrdə saxlanılan yeniyetmələrin hüquq və azadlıqlarının təmin olunması, onların sosial adaptasiyası və gələcəkdə cəmiyyətə reinteqrasiyasının dəstəklənməsi istiqamətində də tədbirlər həyata keçirilir. Bu çərçivədə hüquqi və psixoloji maarifləndirmə təlimləri keçirilir, asudə vaxtın səmərəli təşkili məqsədilə bədii ədəbiyyat və maarifləndirici materiallar təqdim olunur, sosial bacarıqların inkişafına yönəlmiş proqramlar icra edilir. Məqsəd həmin yeniyetmələrin cəzaçəkmə müddətindən sonra sağlam sosial mühitə inteqrasiyasını təmin etmək və təkrar hüquqpozma riskini minimuma endirməkdir.

Təəssüf ki, görülən tədbirlərə baxmayaraq, ayrı-ayrı hallarda uşaq hüquqlarının pozulması faktlarına rast gəlinir. Bu baxımdan, valideyn nəzarətindən kənarda qalan və hüquqpozma riski daşıyan uşaqların müəyyənləşdirilməsi, eləcə də onların hüquqlarının müdafiəsi sahəsində fəaliyyətin daha sistemli və koordinasiyalı təşkili məqsədilə yerli icra hakimiyyəti orqanlarına rəsmi müraciətlər ünvanlanmışdır.

Həmin müraciətlərdə rayon və şəhər üzrə yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquqpozmaların profilaktikası ilə bağlı müvafiq komissiyalar tərəfindən İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələri üzrə cari il ərzində tərtib edilmiş inzibati protokollar və qəbul olunmuş qərarlar barədə məlumatların Komitəyə təqdim edilməsi xahiş edilmişdir. Bu məlumatlar mövcud vəziyyətin təhlili, risk meyillərinin müəyyənləşdirilməsi və preventiv tədbirlərin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Cəzaçəkmə müəssisəslərinə səfər edilən zaman məhkum olunmuş yetkinlik yaşına çatmayan şəxslərin ailə vəziyyəti öyrənilir. Ailə mühiti, sosial-iqtisadi durum, valideyn nəzarəti, ailədaxili münasibətlər və uşağın sosial çevrəsi təhlil edilir. Zəruri hallarda, ailə ilə profilaktik və maarifləndirici iş aparılır, sosial xidmətlərə yönləndirmə həyata keçirilir.

Bu yanaşmanın məqsədi yalnız hüquqi məsuliyyət tədbirlərinin tətbiqi deyil, eyni zamanda uşağın təkrar hüquqpozma riskinin azaldılması və sağlam sosial mühitə reinteqrasiyasının təmin edilməsidir”.

Azyaşlılar niyə cinayət törədir?

Hüquq müdafiəçisi Ə.Nuriyev bildirib ki, bu cinayətlərin yaranmasının bir sıra səbəbləri var: məktəbdən uzaqlaşma, təhsildən yayınma, yaşıdların təsiri, ailədaxili konfliktlər, asudə vaxtın nəzarətsiz keçirilməsi, psixoloji risklər və rəqəmsal mühitin təsiri.

Ombudsman hesab edir ki, sosial şəbəkələr və internet resurslarında, kinematoqrafiyada cinayətkarlığa və cinayət əməllərinə maraq qətiyyən qəbuledilməzdir. Bu cür meyllərlə mübarizədə əməli addımların atılmasına xüsusi ehtiyac var.

"Maarifləndirmə işinə, məktəb-valideyn-şagird üçbucağı çərçivəsində işə diqqət artırılmalıdır. Bu baxımdan təhsil müəssisələrində psixoloji işin keyfiyyəti məsələsinin aktuallığı qeyd olunmalıdır. Yetkinlik yaşına çatmayanların törətdiyi cinayətlərlə bağlı məsələlər sistemli şəkildə tədqiq olunmalıdır. Təbii ki, cinayət törətmiş azyaşlıların ailə mühiti, sosial vəziyyəti, informasiya texnologiyaları və kibermühit analiz edilməli, cinayətlərin törədilmə səbəbləri araşdırılmalıdır”.

Cəmilə Bağırova isə bildirib ki, komitə olaraq təhsildən yayınan, çətin tərbiyə olunan və risk qrupuna daxil edilən uşaqlar barədə məlumatların əldə edilməsi üçün müvafiq dövlət orqanları ilə qarşılıqlı informasiya mübadiləsi həyata keçirilir.

Əldə olunmuş məlumatlar əsasında hər bir uşaq üzrə fərdi profilaktik iş planının müəyyən edilməsi, sosial-psixoloji vəziyyət qiymətləndirilməsi məqsədilə əlaqədar qurumlarla koordinasiyalı tədbirlər görülür.

"Komitə tərəfindən valideynlərlə iş prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Ailədaxili münasibətlərin sağlamlaşdırılması, valideyn məsuliyyətinin artırılması, uşaqlar üzərində nəzarət və qayğı mexanizmlərinin gücləndirilməsi məqsədilə valideynlər üçün maarifləndirici görüşlər, təlimlər və məsləhət xidmətləri təşkil olunur”.