BAKI, 21 aprel. TELEQRAF

"Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə başçəkmələr əvvəlcədən xəbərdarlıq edilmədən həyata keçirilir".

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Ombudsman Aparatından məlumat verilib.

Məlumatda bildirilir ki, beynəlxalq və milli qanunvericilikdə təsbit olunmuş norma və qaydalar rəhbər tutulmaqla həyata keçirilən başçəkmələr zamanı qəbul edilmiş şəxslərlə görüş və onlara dair məlumatların açıqlanmasında konfidensiallıq təmin olunur.

"Başçəkmələr çərçivəsində Azərbaycan Respublikasının ərazisində törədilən müxtəlif cinayətlərdə ittiham və məhkum olunan erməni əsilli şəxslər də saxlanıldıqları müəssisələrdə konfidensial qaydada qəbul ediliblər. Həmin şəxslərə münasibətdə hər hansı ayrı-seçkiliyə yol verilmədən hüquqlarının, televiziya, kitab, jurnal və digər vasitələrlə informasiyaya çatım imkanlarının, lazımi tibbi-psixoloji xidmətin təmin olunduğu müəyyən olunub. Qəbullar zamanı onlara öz dilində qanunvericilik aktları, Ombudsmanın səlahiyyətləri və Çağrı Mərkəzinə birbaşa müraciət imkanı ilə bağlı məlumatlandırıcı nəşrlər də təqdim olunub.

Eyni zamanda başçəkmələrin nəticələri ilə bağlı informasiyalar Ombudsmanın rəsmi internet səhifəsində və sosial şəbəkə hesablarında yayımlanmış və ictimaiyyət üçün əlçatandır", - deyə qeyd olunub.

Qeyd edək ki, bu gün “Sputnik Ermənistan” R.Vardanyanın bu yaxınlarda Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ilə görüşü barədə müraciətini yayımlayıb.