BAKI, 21 aprel. TELEQRAF

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizdə özünüməşğulluq proqramının icrasını davam etdirir.

Teleqraf xəbər verir ki, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Xocavənd rayonları üzrə daha bir qrup şəxsə proqram çərçivəsində “Kiçik dərzi sexi”, “Qadın gözəllik salonu”, “Avtoelektrik xidmətləri”, “Avtotəmizləmə xidmətləri”, “Broyler inkubatoru”, “Poliqrafiya xidmətləri” və “Özünəxidmət avtoyuma” zərfləri üzrə avadanlıqlar təqdim edilib. Verilmiş aktivlər hesabına onlar kiçik ailə bizneslərini yaradıblar.

Proqram iştirakçıları onlara göstərilən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə ediblər. Onlar özünüməşğulluq proqramı çərçivəsində qurduqları təsərrüfatlarını daim genişləndirməyə səy göstərəcəklərini bildiriblər.

Qeyd edək ki, Böyük Qayıdış proqramı üzrə doğma yurdlarına köçürülmüş sakinlərdən artıq 818 şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində ailə təsərrüfatları qurulub.