BİLƏSUVAR, 10 oktyabr. TELEQRAF
Biləsuvarda ilk dəfə pambıq sahələrinin becərilməsində təsərrüfat dronlarından istifadəyə başlanılıb.
Teleqraf-ın Cənub Bürosu xəbər verir ki, yeni texnologiya sahəyə ağır texnikaların vurduğu ziyanın qarşısını almaqla yanaşı, işin daha sürətli və dəqiq icrasına imkan verir.
Dron texnalogiyasının ilk tətbiq olunduğu təsərrüfatın rəhbəri Cahangir Səfərov bildirib ki, əvvəlki illərdə sahələr texnika ilə becərilərkən həm xərclər çox olurdu, həm də pambıq kolları texnikanın təkərləri altında qalaraq hektara 2 sentnerədək məhsul itkisinə səbəb olurdu. Dron texnologiyaları bu xərcləri minimuma endirərək istehsal effektivliyini artırır.
Cahangir Səfərov deyib ki, əvvəllər yağıntılı hava və su basmış sahələr texnikanın əraziyə daxil olmasına imkan vermirdi: “Bu il demək olar ki, bu problem olmayıb. Səbəb dronlardan istifadə etməyimizdir”.
Sahələrin koordinatları, uçuş hündürlüyü və pestisidlərin çiləmə sürəti əvvəlcədən dronun yaddaşına yazılır. Operator sadəcə dronu havaya qaldırmaqla prosesi avtomatik rejimdə idarə edir. 40 litrə qədər maye daşımaq gücünə malik olan dronlar dərmanlama zamanı mayenin bitdiyi nöqtəni yadda saxlayaraq yenidən doldurulduqdan sonra işi qaldığı yerdən davam etdirir.
Təsərrüfat dronlarının ön və arxa hissəsində iki iri radar yerləşir. Uçuş zamanı maneəyə yaxınlaşdıqda dron dərhal gözləmə rejiminə keçir və operatora siqnal göndərir.
Dron operatoru Rəşid İmanzadə bildirib ki, hər hansı təhlükə olarsa, məsələn, ağaclıq və ya elektrik naqilləri olan əraziyə yaxınlaşanda videoqeydiyyat aparılır və problem yaranarsa səbəbi müəyyən etmək mümkün olur.
Həmçinin bitki çıxmayan boşluqlar qeydə alınır və baş aqronoma təqdim olunur. Bu da sahənin sentner və hektar ölçüsünü daha dəqiq müəyyən etməyə kömək edir.
Hazırda bir dron gün ərzində təxminən 50 hektar sahədə dərmanlama və gübrələmə işlərini yerinə yetirə bilir.
Mütəxəssislər hesab edir ki, bu tip texnologiyaların tətbiqi yaxın illərdə kənd təsərrüfatında ənənəvi texnikanı əvəz edəcək.