BAKI, 20 may. TELEQRAF

Pakistan ilə Azərbaycan arasında korrupsiyaya qarşı əməkdaşlıq memorandumunun imzalanması planlaşdırılır.

Teleqraf xəbər verir ki, Pakistanın Milli Məsuliyyət Bürosunun (National Accountability Bureau) müavini Sohail Nasir jurnalistlərə açıqlamasında bildirib.

“Pakistan Azərbaycandan korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq üçün anlaşma memorandumu imzalamağa hazırdır. Biz inanırıq ki, korrupsiyaya qarşı mübarizədə ölkələr əl-ələ verərək irəliləməlidir”, – deyə Sohail Nasir vurğulayıb.

Onun sözlərinə görə, memorandumun imzalanması tərəflərə seminarlar təşkil etmək, təlim proqramları keçirmək, potensialı artırmaq və birgə təlimlər aparmaq imkanları yaradacaq.

Sohail Nasir əlavə edib ki, belə qarşılıqlı əməkdaşlıq həm Azərbaycan, həm də Pakistan üçün faydalı olacaq və hər iki ölkənin korrupsiyaya qarşı mübarizə sahəsində güclənməsinə töhfə verəcək.