ANKARA, 19 dekabr. TELEQRAF

Türkiyədə keçirilən Dezinformasiyaya Qarşı Mübarizə üzrə Türk Dövlətləri Forumu bu gün başa çatıb.

Teleqraf-ın Ankaraya ezam olunmuş müxbiri xəbər verir ki, forum 18-19 dekabr tarixlərində baş tutub.

Forum türk dünyasının media, informasiya və rəqəmsal kommunikasiya sahələrində kollektiv imkanlarını artırmaq məqsədi ilə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasından nümayəndələrin iştirakı ilə təşkil olunub.

Forum çərçivəsində panel müzakirələr aparılıb. Hər bir ölkədən rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, forumun məqsədi türk dövlətləri arasında effektiv ünsiyyət platforması yaratmaq və yuxarıda adı çəkilən ölkələrin yüksək səviyyəli informasiya rəsmilərini, eləcə də media nümayəndələrini, akademikləri, kommunikasiya mütəxəssislərini və jurnalistləri bir araya gətirməklə dezinformasiyaya qarşı mübarizədə əməkdaşlığı gücləndirməkdir.

***

12:29

Türkiyədə keçirilən Dezinformasiyaya Qarşı Mübarizə üzrə Türk Dövlətləri Forumunda "Ortaq gələcək qurulmasında türk mediası" paneli başa çatıb.

Teleqraf-ın Ankaraya ezam olunmuş müxbiri xəbər verir ki, paneldə bir neçə ölkədən rəsmi şəxslər çıxış ediblər.

Qırğızıstanın "MediaHub" redaksiyasının əməkdaşı Akzhol İslamova qeyd edib ki, rəqəmsal texnologiyaların media sahəsinə daxil olması ilə informasiya ötürülməsinin forması dəyişib.

"Əvvəllər ənənəvi jurnalistika standartlarına əsaslanan məlumat mənbələri söz və yazı üzərində qurulurdu. İndi struktur dəyişib. Artıq məzmun yeni rəqəmsal formatlarda təqdim olunur. Bu proses türk mediası üçün böyük dönüş nöqtəsi oldu".

O, media sahəsində əməkdaşlıq üçün bir neçə təkliflə çıxış edərək bildirib ki, möhkəm institusional əsaslar yaradılmalıdır. Etik standartlara sadiq qalmaqla yeni rəqəmsal mediaya uyğunlaşmaq, innovativ yanaşmaları tətbiq etmək və müasir auditoriyanın tələblərinə cavab vermək vacibdir. Media cəmiyyətə yaxınlaşdıqca, etibarlı və dayanıqlı informasiya mühiti formalaşır. Bu isə hamımız üçün strateji əhəmiyyət daşıyır".

Özbəkistan Respublikasının “Aloqabank”ın prezidenti, dil, mənəvi və maarif məsələləri üzrə dövlət müşaviri Xamza Djumaev çıxışında deyib ki, türk dünyasının ortaq media platformasına ehtiyac var.

Onun sözlərinə görə, türk dünyasının media məktəbləri və jurnalistika akademiyaları yaradıla bilər.

"Azərbaycanın mahnıları Özbəkistanın tədbir və toylarında çox maraqla qarşılanır. Qardaş ölkələrin media nümayəndələrini öz Mətbuat Şuramıza üzv etməliyik. Kənar təsirlərə qarşı öz mövqeyimizi ortaya qoya bilərik", - o əlavə edib.

Yaxın Şərq Universitetinin prorektoru Murat Tüzünkan bildirib ki, media sadəcə məlumatlandıran bir vasitə deyil, həm də strateji bir vasitədir.

"Türk Dövlətlərinə edilən dezinformasiyalara və belə işlərlə məşğul olanlara qarşı birlikdə fikirlər irəli sürməli, dezinformasiya ilə mübarizə aparmalıyıq. Ortaq yayım etmək, birlikdə xəbər agentlikləri yaratmaq və məzmun analizi edə bilərik. Media ortaq gələcəyin inşasına töhfə verir. Ortaq gələcək isə ortaq dəyərlərlə, ortaq həqiqətlərlə inkişaf edə bilər. Ortaq kimlik yaratmaq çox önəmlidir. Bunun isə qalıcı olması üçün müəyyən qaydalar olmalıdır, ortaq çərçivələr müəyyən edilməlidir. Həmçinin ortaq bir dil də olmalıdır. Bu sahədə irəliləmək üçün qarşılıqlı ziyarətlər olmalı, bir-birimizi daha yaxşı anlayıb tanımalıyıq. Güclü olmaq üçün mütləq bacarıqlarımızı artırmalıyıq. Sadəcə öz dilimizlə deyil, beynəlxalq dillərdə də məzmunlar yaratmalıyıq".

Azərbaycanın Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Direktorlar Şurasının üzvü Cavid Vəliyev isə iki gündür dezinformasiya haqqında danışıldığını və ən çox bunun üzərində dayanıldığını deyib.

"Biz dezinformasiya ilə mübarizə edəcəyik, amma bu bir qorunma üsuludur. Yalnız bu olmalı deyil, biz gündəmi də müəyyən etməliyik. Biz gündəmi müəyyən etdik. Azərbaycan olaraq torpaqlarımızı işğaldan azad edərə bacarığmızı göstərdik. Eyni zamanda dezinformasiya ilə də mübarizə apardıq", - o əlavə edib.

APA İnformasiya Agentliyinin Beynəlxalq Əlaqələr və Təhlil şöbəsinin müdiri Faiq Mahmudov isə çıxışında siyasi, iqtisadi və mədəni inteqrasiyanın dərinləşdiyini deyib.

O bildirib ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq genişlənir, nəqliyyat dəhlizləri açılır, enerji və ticarət layihələri reallaşır: "Bu proseslərin mərkəzində isə bir mühüm amil dayanır. Bu da informasiya və onu formalaşdıran mediadır. Türkdilli media təkcə xəbərləri ötürən vasitə deyil. Media eyni zamanda ortaq tariximizin, mədəni yaddaşımızın və gələcək vizyonumuzun güzgüsüdür. Bizim xalqlarımız yüzilliklər boyu eyni mədəni kodlar və dəyərlərlə yaşayıb. Lakin müasir dövrdə bu ortaq irsin qorunması və gələcək nəsillərə ötürülməsi məhz medianın üzərinə düşür".

F. Mahmudovun sözlərinə görə, bu gün dezinformasiya klassik təhlükəsizlik anlayışının ayrılmaz tərkib hissəsinə çevrilib: "Xüsusilə türkdilli ölkələri hədəf alan türkofob və islamofob məzmunlu məlumatlar cəmiyyətlərdə çaşqınlıq yaradır, ictimai rəyə mənfi təsir göstərir. Bu cür təhlükələrə qarşı ən effektiv yanaşma birgə və prinsipial mövqe sərgiləməkdir. Bir ölkəyə yönələn saxta xəbər digər ölkələrin də diqqət mərkəzində olmalı, vaxtında və koordinasiyalı şəkildə dəyərləndirilməlidir. Operativ məlumat mübadiləsi, institusional əməkdaşlıq və peşəkar media həmrəyliyi dezinformasiyanın təsir dairəsini əhəmiyyətli dərəcədə azalda bilər. Çünki dezinformasiya təsadüfi deyil, məqsədli şəkildə yaradılır və dövlətlərarası münasibətləri zədələməklə yanaşı, xalqlar arasında yanlış rəy formalaşdırmağa xidmət edir".

Qazaxıstan telekanalının direktoru Bolat Mürsəlim isə deyib ki, bu forum mədəni kökləri eyni, dili, düşüncəsi bir olan ortaq türk ailəsinin gələcək işlərinə ümid rolunu oynayır. Biz bu yolda atdığımız addımlarda böyük perspektiv və dəyər görürük”.

***

11:17

Bu gün Türkiyədə Dezinformasiyaya Qarşı Mübarizə üzrə Türk Dövlətləri Forumu işini davam etdirir. Forumun ikinci günündə "Ortaq gələcək qurulmasında türk mediası" paneli keçirilir.

Teleqraf-ın Ankaraya ezam olunmuş müxbiri xəbər verir ki, paneldə bir neçə ölkənin rəsmi şəxsləri çıxış edəcəklər.

Daha sonra "Etibarlı məlumat axtarışında yeni nəsil jurnalistika təcrübələri və təsdiq refleksləri" adlı təqdimat keçiriləcək.