GƏNCƏ, 19 dekabr. TELEQRAF

Ordumuzun əsgəri 21 yaşlı Əli Cəfərovun ölümü ilə bağlı yaxınları bəzi detalları danışıb.

Mərhumun atası Gəncə Dövlət Dram Teatrının rəssamı Vahab Cəfərov Teleqraf-ın Qərb bürosuna bildirib ki, oğlu ilə son dəfə görüşməyə çalışıblar.

"İki dəfə yanında olmuşduq. Axırıncı dəfə danışmağa imkan olmadı. Onunla üç kəlmə söhbət eləsəydik... Bilirsiz, Əli nətər uşaq idi? Tamam fərqliydi. Azərbaycan dramaturgiyasını əzbər bilirdi. Məndən ötəri o ölməyib..."

Əli Cəfərovun dayısı Mahir Rüstəmovun sözlərinə görə, istər hospitalda olanda, istərsə də xidmət dövründə əsgərimizlə mütəmadi əlaqə saxlanılıb:

"Bu gün xidmətinin 6 ayı tamam olur. Hər şey yaxşı gedirdi. Heç bir şikayəti yox idi. Sonra bildik ki, soyuqlayıb, hərarəti qalxıb. Əvvəl hərbi hissənin hospitalına yerləşdiriblər, oradan da aparıblar Bakıya. Müdaxilə edilib, hərarəti düşüb. Hospitalda anası ilə danışıb, yaxşılaşdığını deyib. Təzədən yenə vəziyyəti ağırlaşıb. Anası-atası da Bakıya getmişdi. Sonra bildik keçinib. Pnevmoniya xəstəliyindən vəfat elədiyini dedilər".

Məlumat üçün bildirək ki, Əli Cəfərov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinorejissorluq fakültəsinin məzunu olub. O, Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçirmiş. 6 ay əvvəl hərbi xidmətə çağırılan gənc əsgər dekabrın 15-də Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında pnevmoniyadan vəfat edib. Əlinin nəşi dekabrın 17-də Gəncəyə gətirilərək torpağa tapşırılıb.

Onun ölümü ilə bağlı Hərbi Prokurorluqda araşdırmalar davam edir.