BAKI, 19 dekabr. TELEQRAF

Dekabrın 18-də Bakının Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 31 ünvanında yerləşən yaşayış binasının daxili fasad hissəsində özbaşına artırma işləri ilə bağlı sosial şəbəkələrdən daxil olan müraciət əsasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən ərazidə şəhərsalma nəzarəti qaydasında monitorinq keçirilib.

Bu barədə Teleqraf-a Komitədən məlumat verilib.

Bildirilib ki, baxış nəticəsində sözügedən ünvanda qanunsuz aparılan işlər Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşlarının operativ müdaxiləsi nəticəsində dərhal dayandırılıb və yerli icra hakimiyyətinin iştirakı ilə axşam saatlarında söküntüsü tam başa çatdırılıb.

Qeyd edək ki, həmin yaşayış binası ilə bağlı məsələ üzrə Daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurası tərəfindən müvafiq rəy verilib və dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilməsi məqsədilə aidiyyəti üzrə təqdimat göndərilib.

"Bütün vətəndaşlara şəhərin simasının qorunmasına göstərdikləri həssas yanaşma və fəal vətəndaş mövqeyinə görə təşəkkür edirik", - komitədən bildirilib.