BAKI, 19 dekabr. TELEQRAF

1992-ci ilin sentyabr-oktyabr ayında Türkiyədə Azərbaycanla bağlı bir jurnal nəşr olunub. “Türk əsrində Azərbaycan” adlı jurnalın sahibi və baş redaktoru Sərvət Gürcan idi. Paytaxt Ankarada çıxan jurnalın nəşri iki aydan bir nəzərdə tutulmuşdu. Jurnal 28 may 1992-ci ildə qurulmuş “Məhəmmədəmin Rəsulzadə və Azərbaycan Araşdırmalar Mərkəzi”nin rəsmi orqanı olub. İlk sayda verilmiş məlumatda dərgidə Azərbaycanın keçmişi, ədəbi-mədəni tarixi ilə bağlı yazılar dərc ediləcəyi bildirilib. Gürcan oxuculara müraciətində Türk Dünyasının gələcəyi ilə bağlı yazıb: “21-ci əsri Türk Əsri edə bilmək üçün Türkiyəyə, Azərbaycana və Orta Asiya Türk respublikalarının liderlərinə, özünü türk hiss edən hər kəsə böyük vəzifə düşür”.

Jurnalın ilk sayının qapağında Türkiyə və Azərbaycanın ozamankı dövlət başçıları olan Süleyman Dəmirəllə Əbülfəz Elçibəyin birlikdə təsviri verilib. Azərbaycanlı mühacir Hüseyn Baykaranın 1969-cu ildə “Türk kültürü” jurnalında ermənilərin Qafqazı işğalı mövzusundakı çıxmış məqaləsi ilk sayda təkrar olaraq verilib. Görünür, I Qarabağ müharibəsinin davam etdiyi bir məqamda ermənilərin ötən əsrdə törətdikləri cinayətləri türk oxucusuna təqdim etmək istənilib. Həmçinin mühacir professor Əhməd Cəfəroğlunun “Qafqaz türkləri” məqaləsi də ilk sayda işıq üzü görüb.

Dərginin 1992-ci ilin noyabr-dekabr ayında çıxan ikinci sayının qapağında isə Turqut Özal, Süleyman Dəmirəl və Əbülfəz Elçibəyin birlikdə təsviri verilib. Bu saydakı ən qiymətli material Azərbaycanın 72 il sonra Türkiyəyə təyin etdiyi səfir Məmməd Novruz oğlu Əliyevdən alınan müsahibədir.

Dosye:

Məmməd Əliyev 18 sentyabr 1942-ci ildə Tovuzda doğulub. 1959–1964-cü illərdə Bakı Dövlət Universiteti fizika fakültəsində təhsil alıb. 1964–1967-ci illərdə Kazan Universitetində aspirant, 1967–1969-cu illərdə isə stajor olub. 1969-cu ildə “Paramaqnit kristallarda aşağı temperaturlarda dinamik effektlər” mövzusunda Kazan Universitetində namizədlik dissertasiyası müdafiə edib. 1990-cı ildə “Paramaqnit ionlu diamaqnit kristallarda və yarımmaqnit yarımkeçiricilərdə dinamik effektlər” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1973-cü ildə bərk cisimlər fizikası kafedrası üzrə dosent, 1991-ci ildə professor elmi adı alıb. 1969-cu ildən 1991-ci ilə kimi Bakı Dövlət Universiteti Fizika fakültəsinin “Bərk cisimlər fizikası” kafedrasında müəllim, baş müəllim, dosent, professor vəzifələrində işləyib. 1991–1992-ci illərdə isə Azərbaycan Dövlət Tibb Universiteti Biofizika kafedrasının müdiri olub. 2013–2015-ci illərdə Azərbaycan Dövlət Tibb Universiteti professor, 2015-ci ildən Bakı Dövlət Universiteti Fizika fakültəsinin “Bərk cisimlər fizikası” kafedra müdiri vəzifəsində çalışıb.

Məmməd Əliyev 1992–2005-ci illərdə Azərbaycan Respublikasının Türkiyədəki, 2005–2010-cu illərdə İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri olub. 2010–2011-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində idarə rəisi, 2011–2013-cü illərdə xüsusi tapşırıqlar üzrə səfir olub. 60-dan çox elmi əsərin müəllifidir.

“1972-ci ildə İstanbula gəmi ilə gəldim”

Sərvət Gürcanın aldığı müsahibədə Azərbaycanın ilk səfirinin bioqrafiyası haqqında maraqlı bilgilər var:

“1971-1972-ci illərdə Fransada fizika üzrə professor kimi çalışırdım. Fransadan Azərbaycana təyyarə ilə qayıdacaqdım. Amma uşaqlıqdan bəri ürəyimdə Türkiyəni görmək kimi böyük arzum vardı. Fikrimi dəyişdirdim. 1972-ci ilin iyun ayında gəmi ilə İstanbula gəldim. İstanbula ilk gəlişimdi, bir gün qaldım. Başqa yerə də gedə bilmədim. İkinci dəfə isə ötən il (1991 – D.Ə) İstanbula gəldim, Ege Universitetində üç həftə dərs dedim. Bursaya da getdim, bir gün orada qaldım. Bursa Universitetini ziyarət etdim. Sonra avqust ayında xarici işlər nazirimizlə Türkiyəyə təkrar gəldim, prezidentlə, baş nazirlə və məclis sədri ilə görüşdük. Bu ziyarətim üç gün davam etdi. Nəhayət, 27 sentyabrda səfir olaraq Ankaraya gəldim. 1972-də ilk gəlişimdə İstanbulda çoxlu yeni şeylər gördüm. İstanbul hər zaman marağımda idi. Türkiyə, İstanbulla bağlı çoxlu kitab oxudum, qəzetlərdən təqib etdim. İstanbul, həqiqətən də, çox gözəldir. Gözlədiyimdən daha yaxşı gördüm Türkiyəni. Önəmli olan odur ki, Türkiyə bizim öz vətənimizdir... Bu baxımdan gördüyüm hər şey doğma, hər şey əzizdi”.

“Ermənilər sərhədləri daxilində tək millət yaradıblar”

Azərbaycanın Türkiyədəki ilk səfiri müharibənin davam etdiyi bir məqamda fəaliyyətə başlamışdı. Ona görə də müsahibədə ermənilərin törətdiyi cinayətlərə və işğala münasibət bildirib:

“Burada türk qardaşlarımız dedilər ki, “biz Ermənistana enerji verəcəyik, onlar bizimlə dost olacaqlar, Qarabağ müharibəsi də bitəcək”... Mən də onlara hər zaman izah etdim ki, biz yüz il boyunca ermənilərə elektrik, neft, çörək, meyvə verdik. Nəyimiz varsa... Balığımızı, kürümüzü də verdik... Biz uşaqlarımıza “ermənilər də qonşumuz və dostumuzdur” deyərək tərbiyə verdik, o şəkildə böyütdük. Amma ermənilər tamamilə tərsini etdilər... Ermənilər istər Anadoluda, istər Azərbaycanda olsun, türkləri uşaqlarına düşmən kimi göstəriblər. Din xadimləri də, başqa adamları da “türklər sizin düşməninizdir” deyə tərbiyə veriblər. Bu gün Qarabağdakı problemlərin də, ermənilərin hücumlarının da əsas səbəbi budur... Onlar normal müharibə aparmırlar. Məhv etmək, yandırmaq, dağıtmaq... Bir soyqırımı savaşı edirlər. Onlar azərbaycanlı türkləri Ermənistandan qovmaq siyasətini də etdilər. Son zamanlarda isə təkcə azərbaycanlıları deyil, rusları, müsəlman kürdləri, gürcüləri də qovublar. Ermənilər sərhədləri daxilində tək bir millət yaratmışlar... Biz erməniləri Türkiyədəki türk qardaşlarımızdan daha yaxşı tanıyırıq... Təcrübəmiz belədir ki, onlar gücləndikləri zaman bizə hücum edirlər. 1905, 1918, 1988-də də belə oldu. Bunlar ancaq Azərbaycandan zəif olduqları zaman barış istəyirlər... Baxın, biz qardaşıq. Bir qardaşa bir başqası hücum edərkən ona verdiyiniz çörək də, enerji də silahdır. Qardaşına hücum edən bir insana o hücumu dayandırmadan o silahı vermək olarmı? Ermənilər Laçına, Qubadlıya hücum edir. Yəni Ermənistan hər zaman Azərbaycanın arxasında qardaşının olduğunu hiss etməlidir”.

Səfirin dedikləri II Qarabağ müharibəsində gerçək oldu. Türkiyə dövləti 44 gün müddətində Azərbaycanın yanında olduğunu söylədi, onu bütün beynəlxalq arenada müdafiə etdi. Təəssüf ki, ozamankı Türkiyə hökuməti müəyyən yanlış addımlar atmışdı ki, səfir də müsahibəsində bunu “uman yerdən küsərlər” deyərək tənqid etmişdi: “Prezidentimiz çox yaxşı insandı, o, hətta “ac qalan erməni uşaqlarına mən də buğda verərəm” demişdi. Bu, onun böyüklüyünü göstərir, amma ermənilər belə şeyi anlamırlar. Gördüyünüz kimi bu son günlərdə yenə hücum etdilər, 13 kəndimizi yandırdılar”.

“Gürcülərlə çox yaxşı əlaqələr qurmaq istəyirik”

Səfir Gürcüstanla olan münasibətlər haqqında isə pozitiv danışıb:

“Gürcüstan bizim yaxın qonşumuzdur. Orada 500-700 min arası həmvətənimiz deyə biləcəyimiz Azərbaycan türkü yaşayır. Bu baxımdan Gürcüstana xüsusi önəm veririk. Qara dənizə çıxışımız Gürcüstan üzərindəndir ki, bu da çox önəmlidir. Tarix boyunca Azərbaycan türkləri ilə gürcülər arasında hər zaman dostluq olub. Ermənilər kimi qan tökmək olmayıb... Qənaətimə görə gürcülərlə çox yaxşı əlaqələr qurmaq istəyirik. İndi Gürcüstanın da, Azərbaycanın da başı bəladadır. Bu şəraitdə bir az çətindir... Gürcüstanın hörmətli xarici işlər naziri ilə dünən İstanbulda birlikdə idik. Çox önəmli siyasətçidir. O da düşüncəmizi bölüşür, Azərbaycanla əlaqələri inkişaf etdirmək istəyir”.

“Stalin bunu qəsdən etdi”

Səfir bu gün böyük əhəmiyyət kəsb edən Zəngəzur məsələsinin tarixindən də bəhs edib, bunun Stalinin bilərək etdiyini söyləyib: “Göyçə gölü, Dilican, Zəngəzur, Zəngibasar, Vedibasar.. hamısı Azərbaycan torpaqları idi. Ruslar zorla “kommunist qardaş Ermənistan qurulur, torpağın az bir qismini verək” dedilər. Ruslar demək doğru olmaz, sovet imperializmi deyək... Zəngəzuru verərək Türkiyə ilə Azərbaycan, Orta Asiya arasındakı quru yolla əlaqə qurmağa əngəl törətdilər. Stalin bunu qəsdən etdi. O zaman Ermənistan sərhədləri daxilində 500 min Azərbaycan türkü vardı. Onlar kompakt halda yaşayırdılar. İrəvanın əhalisinin 70 faizinin türk olduğu zamanlar olub”.

Emin Sabitoğlu: “Türkiyə mənim üçün müqəddəs yerdir”

Sərvət Gürcan 10 iyul 1991-ci ildə Bakıda olduğu zaman məşhur bəstəkar Emin Sabitoğlu ilə tanış olub, onunla söhbətləşib. Dərginin ikinci sayında həmin müsahibəni də dərc edib. Sabitoğlu 500-ə yaxın bəstəsi arasında ən məşhurunun sözləri Nəbi Xəzriyə aid olan “Dərələr” mahnısı olduğunu bildirib, ilk dəfə Şövkət Ələkbərovanın oxuduğunu deyib: “Təkcə Zeynəb Xanlarova 30-dan çox mahnımı oxuyub. İlk dəfə Türkiyəyə getdiyim zaman Topqapıda avtobusdan enərkən “Bağışladın” adlı mahnımı eşitdim. İstanbul Radiosuna gedərkən öyrəndim ki, repertuarda 50-dən çox mahnım varmış, amma adım qeyd olunmayıb. Hər mahnım başqa birinin adına yazılmışdı. Heyrətləndim, əsəbləşdim. Məhkəməyə verməyi düşünürəm. Bu yaxınlarda mənə bir lent göndərmişdilər. Şükür ki, “Alagözlüm”ün bəstəkarı olaraq adımı yazıblar. Amma bəstələrimə görə Türkiyədən mənə 5 quruş da pul gəlməyib. Bəstəkarlar nə ilə dolanmalıdır deyə düşünən yoxdur”.

Emin Sabitoğlu bu məsələdə çox haqlı idi. Təəssüf ki, Türkiyədə 60-80-ci illərdə oxunulan Azərbaycan mahnılarında ifaçı ya anonim, ya da ki hər hansı bir türk bəstəkarın adı yazılırdı. Sabitoğlu Türkiyəyə üç dəfə gəldiyini deyib: “1988-ci ildə turist kimi, 1990-cı ildə Azərbaycan Dram Teatrı ilə, 1990-cı ildə isə qonaq olaraq. Türkiyə gözəlliyi ilə yanaşı mənim üçün müqəddəs yerdir. İstanbulda ikən məktəblərdə nələrin keçirildiyini bilmək üçün ibtidai sinif kitabına baxdım. Birinci səhifəsində böyük Atatürkün adı və şəkli, İstiqlal Marşı vardı. Mənə həmin marşın hər sabah məktəbdə uşaqların oxuduğunu dedikləri zaman çox məmnun oldum. Ankaranı da çox sevdim. Ankara qalasının üstündə böyük və möhtəşəm Türk bayrağının dalğalandığını gördüyüm zaman çox duyğulandım, iftixar hissi keçirdim. Türkiyənin böyüklüyünü, böyük bir ölkə olduğunu orada daha açıq şəkildə hiss etdim. Mən diz çöküb göz yaşı tökərdim ki, o gün olsun Azərbaycan bayrağı da belə dalğalansın. Türk bayrağının arxasında Türkiyəni gördüm, Azərbaycan bayrağının arxasında da Azərbaycanı görmək istəyirəm. İnşallah o günləri də görəcəyik. Türkiyədən öyrənəcəyimiz çox şeylər var. Bu, Azərbaycanın, Azərbaycan türklərinin tərəqqisinə kömək edəcəkdir”.

Dərginin ikinci sayında Niyazi Axundzadənin “Atam Əhməd Cavad” adlı maraqlı məqaləsi də dərc olunub. Növbəti bir sayda isə məşhur alim Azad Mirzəcanzadənin müsahibəsi işıq üzü görüb. Bu barədə isə növbəti yazımızda.