BAKI, 16 may. TELEQRAF

Yusif yaşda məndən balaca olsa da, bir yerdə böyümüşdük.

Teleqraf xəbər verir ki, bu sözləri Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Yusif Məmmədovun əmisi qızı Həqiqət Hüseynova jurnalistlərə açıqlamasında deyib.

O, Yusifi vətəninə bağlı, qürurlu, mərd bir gənc kimi xatırladığını qeyd edib:

"Yusif mehriban, qohumcanlıydı. Xaraktercə çox məğrur və vətənpərvər idi. Müharibəyə könüllü getdi. Müharibədə baş verən hadisələrdən sonra yaşaya, içindəki ağrılarla barışa bilmirdi.

Xatırlayıram ki, atamla əmim birgə onun axtarışına çıxmışdılar. Amma heç bir nəticə əldə olunmadı. Şükür ki, müharibə bitdi, torpaqlarımız azad olundu. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Artıq ziyarət edə biləcəyimiz yer var".

***

13:08

Əsgərlikdən qayıdandan bir il sonra Yusif könüllü olaraq Qarabağ müharibəsinə getdi.

Teleqraf xəbər verir ki, bunu Birinci Qarabağ Müharibəsində itkin düşmüş şəhid Yusif Məmmədovun qardaşı Sərvər Məmmədov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, qardaşı hərbi xidmətə könüllü yollanıb: "O vaxt SSRİ dövründə Özbəkistanda hərbi xidmət keçmişdi. Oradan gələn kimi səfərbərlik oldu, könüllü olaraq cəbhəyə yola düşdü. Axırıncı dəfə qardaşımı 31 il əvvəl görmüşəm. Yanvar ayında yenidən hərbi xidmətə getdi, fevralın 4-dən xəbər ala bilmədik. Kəlbəcər-Murovdağ döyüşlərində iştirak etmişdi".

Sərvər Məmmədov bildirib ki, qardaşının nəşi Gəncədə tapılıb: "O vaxt Gəncə şəhəri Şəhidlər xiyabanında dəfn olunduğunu demişdilər, biz nəşi götürmədik. Çünki uyğunsuzluq vardı. Daha sonra 34-cü qəbirdən nəşi tapıldı, DNT analizləri meyitin ona məxsus olduğunu təsdiqlədi".

Sərvər Məmmədov həm sevincli, həm də kədərli olduğunu söyləyib: "İllər sonra qardaşımın nəşinin tapılmasından biz təsəlli duyruq. Həm sevincliyik, həm də kədərli. Sevincliyik ki, axır nəşi tapıldı, gəldi, gözümüz yoldan çəkildi. 31 il idi gözümüz yolda qalmışdı".

Yusif Məmmədovun digər qardaşı Eldar Məmmədov deyib ki, nəşin tapılma xəbərini eşidəndə şoka düşüblər, inana bilməyiblər.

Onun sözlərinə görə, qardaşı Yusif təbiətən ağır insanmış: "Orta təhsilliydi. Axırıncı dəfə 1994-cü ildə görmüşdüm. Onu hərbi xidmətə özüm yola salmışam. O vaxtlar mən təxminən 11-12 yaşında olardım. O, könüllü olaraq cəbhəyə getdi".

Eldar Məmmədov qeyd edib ki, atası 10 il Azərbaycanı qarış-qarış gəzib, Yusifi axtarıb:

"Fevralın 8-i döyüşə gediblər, sonra xəbər gəldi ki, itkin düşüb. Nəşinin Gəncədə olduğu deyiləndə atam ora getmişdi. Onda paltar ilə müəyyən edirdilər ki, ölən kimdir. İndi hər şey inkişaf edib.

Paltarla qardaşımın meyitini gətirirdilər, atam tərəddüd etmişdi. Çünki bir şəhidin məzarı üstündə 5 ailə dayanırdı. Hərəsində də bir paltar. İndi biz bilirik ki, artıq ziyarət edəcək yerimiz var. Gözümüz yoldan çəkildi. 3-4 gün bundan qabaq tapıldığını demişdilər. DNT analizi vermişdik. Tapılma xəbərini eşidəndə yaşadığım hissi sizə ifadə edə bilmərəm. Şokda idik, inanmırdıq".

Qeyd edək ki, Yusif Məmmədov 1972-ci il iyunun 29-da Sumqayıt şəhərində doğulub.

1994-cü il fevralın 7-də Kəlbəcər rayonu, Murovdağ ərazisində itkin düşüb.