BAKI, 15 may. TELEQRAF

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha beş şəhid dəfn olunacaq.

Bu barədə Teleqraf-a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

May ayının 15-də torpağa tapşırılacaq itkin şəhidlər Məmmədov Yusif Mirzəli oğlu, Rüstəmov Miriş Məhəmməd oğlu, Məmmədov Muxtar Bayram oğlu, Abbasov Abuzər Tənzil oğlu və Ərzumanov Elşən İsaməddin oğludur.

Yusif Mirzəli oğlu Məmmədov 1972-ci ilin iyunun 29-da Sumqayıt şəhərində anadan olub, 1994-cü ilin fevralın 7-də Kəlbəcər rayonu, Mirovdağ istiqamətində itkin düşüb.

Miriş Məhəmməd oğlu Rüstəmov 1973-cü ilin fevralın 15-də Ağcabədi şəhərində anadan olub. 1993-cü ilin avqustun 23-də Füzuli rayonunun Kürdmahudlu kəndində itkin düşüb.

Muxtar Bayram oğlu Məmmədov 1973-cü ilin sentyabrın 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dəmirçi kəndində anadan olub. 1994-cü ilin yanvarın 26-da Füzuli rayonunun Ağaşı Əbdürrəhmanlı kəndində itkin düşüb.

Abuzər Tənzil oğlu Məmmədov 1972-ci ilin sentyabrın 8-də Zərdab rayonunun Seyidlər kəndində anadan olub. 1994-cü ilin yanvarın 26-da Füzuli rayonunun Ağaşı Əbdürrəhmanlı kəndində itkin düşüb.

Elşən İsaməddin oğlu Ərzumanov 1974-cü ilin martın 23-də Quba şəhərində anadan olub. 1993-cü ilin aprelin 5-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində itkin düşüb.

Qeyd edək ki, Yusif Məmmədovun nəşi mayın 16-da saat 12.00-da Sumqayıt şəhəri Şəhidlər xiyabanında, Miriş Rüstəmov saat 14.00-da Ağcabədi şəhəri Şəhidlər xiyabanında, Muxtar Məmmədov saat 12.00-da Şərur şəhər Şəhidlər xiyabanında, Abuzər Abbasov saat 15.00-da Zərdab rayonu Yuxarı Seyidlər kənd qəbiristanlığında, Elşən Ərzumanov isə saat 13.00-da Quba şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.