
Bakıdan Çeçenistanın Qroznı şəhərinə uçan “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasından 2 ay ötür. 2024-cü il dekabrın 25-də baş verən hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.
Təyyarə qəzası ilə bağlı ən son xəbər isə Çeçenistandan gəldi. Çeçenistan rəhbəri Ramzan Kadırov AZAL-ın qəzaya uğrayan təyyarəsinin sağ qalan əməkdaşları Zülfiqar Əsədov və Aydan Rəhimlini “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalı ilə təltif etməyə qərar verib.
Teleqraf-ın əməkdaşı bələdçi Zülfiqar Əsədovla söhbətləşib.
- Zülfiqar bəy, hazırda səhhətiniz necədir? Müalicəniz davam edirmi?
- Bəli, müalicəm davam edir. Hər gün Bakı Sağlamlıq Mərkəzinə gedirəm, fizioterapiya qəbul edirəm. Boyun yırtığı, bel hissəmdə iki qabırğada sınıq, onurğamın aşağı hissəsində isə çat var idi. Şükür Allaha, əvvəlki halımla müqayisədə yaxşıyam.
Amma boyun nahiyəmdə MRT edildikdən sonra iki yırtıq və onurğamda əyriliyin olduğu meydana çıxdı. Görək necə olacaq. Həkimlərin münasibəti, müalicənin gedişatı məni qane edir. Müalicələrim dövlət hesabınadır, sağ olsunlar, hər şeydən razıyam.
- AZAL rəhbərliyi səhhətinizlə maraqlanırmı?
- Bəli, sağ olsunlar, səhhətimə diqqət ayırırlar.
- Bələdçilər, adətən, neçə yaşda pensiyaya çıxırlar?
- Hazırda 60 yaşı tamam olan şəxslər əmək pensiyasına çıxır. Əvvəllər qadınların 55, kişilərin 57 yaşında pensiya almaq hüququ vardı, sonradan yaş həddi 60 yaşa qaldırıldı.
- Sizin neçə yaşınız var?
- 1968-ci il təvəllüdlüyəm.
- Yenidən bələdçi kimi fəaliyyətə başlamaq istəyərsinizmi?
- Özümün ürəyimdən keçsə də, ailə üzvlərimin canında qorxu qalıb. Onlara görə istəmirəm.
- Bu sahədə neçə il çalışmısınız?
- Bələdçi kimi 36 il fəaliyyət göstərmişəm. Yaşadığımız qorxunc qəza ilə bağlı ailə üzvlərim də çox stress yaşadılar. Hər dəfə uçuşa gedəndə ailə üzvlərimin həyəcan keçirməsini istəmirəm.
- 36 ilin belə hadisə ilə bitməsi sizə necə təsir edir?
- Belə bir hadisə yaşayacağımız ağlıma gəlməzdi. Bu 36 ildə heç vaxt belə bir hadisə ilə rastlaşmamışam. Kənardan zərbə ilə təyyarəmizə təsir etsinlər, belə bir şey olmamışdı. Nə deyim...
- Bəlkə təkrar uçuşa qayıdıb son uçuşları xoş xatirələrlə yekunlaşdırasınız?..
- Yox, kifayətdi... İlk növbədə sağlamlığım önəmlidir. Bədənimdə sınıqlar, yırtıqlar çoxdur.
- Bu illər ərzində uçuş zamanı qəza vəziyyətinə düşmüşdünüzmü?
- Yüngülvarı olmuşdu, təyyarənin özündə nasazlıq aşkarlanmışdı, amma normal şəraitdə uçuşumuzu həyata keçirmişdik. Bu hadisə dözülməz bir şey idi, bizim başımıza gəldi... Şükür edirik ki, enişdən sonra sağ qalmışıq. Heç düşünmürdüm ki, qəzadan mən sağ çıxaram. Mənimlə bərabər 29 nəfər sağ qaldı.
- Hadisədən iki aya yaxın vaxt keçib. Nələri xatırlayırsınız? Zaman keçdikcə nələr yadınıza düşür, bu müddətdə sizin üçün nələr dəyişib?
- Yaşadığım hadisəni ölənə qədər unutmayacağam və bu, heç vaxt yaddaşımdan silinməyəcək. Xaraktercə çox həssas insanam. Əvvəl yuxularımda baş vermiş qəzayla bağlı vahiməli şeylər görürdüm. Dərmanlar vasitəsilə bir az özümə gəlmişəm. Bunun üçün mənə psixoloji dəstək də oldu. Dəhşətli hadisədən sonra məndə yüksək təzyiq də əmələ gəlib. Ona görə psixoloji dərmanlar qəbul etməyi təxirə saldım.
- Bələdçi kimi iş fəaliyyətiniz dayandırılıb. Maraqlıdır ki, gününüzü necə keçirirsiniz?
- Müalicəyə gedib-gəlirəm. Həkimlər deyirlər ki, sınıqlara görə uzanıqlı vəziyyətdə olmalıyam, çox hərəkət etməməliyəm. Bir az gəzirəm, evdə uzanıram, telefonla başımı qatıram.
- Həmkarlarınız sizi ziyarət edirmi?
- Keçən 2 ay boyu çox ziyarət etdilər. İndi də gəlirlər, sağ olsunlar.
- Qəzadan sonra gözünüzü açanda ilk nə gördünüz?
- Təyyarədə havasızlıq yaranmışdı. Kəmərləri açsaydıq, yuxarı qalxacaqdıq, mənim üçün qapını açmaq çətin olacaqdı. Hiss etdim ki, kəməri açsam, qapı açılmayacaq və içəridə havasızlıqdan məhv olub gedəcəyik.
Gözümü açanda gördüm sağ qalmışam, şükür elədim ki, məni Allah ailəmə, övladlarıma bağışladı.
- Təyyarədən özünüz çıxdınız, yoxsa, sizi çıxardılar?
- Təyyarəyə zərbədən sonra sol qolumdan yaralansam da, çalışdım dözüm və sərnişinlərə kömək edim. Açığı, sağ qalacağımızı güman etmirdim, elə bilirdim, heç kim salamat çıxmayacaq. Ağır enişdən sonra təyyarə elə nasaz vəziyyətə salınmışdı ki, ondan sağ çıxmaq qeyri-mümkün görünürdü. Ancaq ölümü gözümün qabağına gətirirdim.
- Və gördünüz sağsınız...
- Bəli, gördüm ki, mən, digər stüardessamız Aydan Rəhimli və arxada oturan sərnişinlər sağdılar. Qapını içəridən açdım, açan kimi qapı boşaldı və içəri hava doldu. Bayırdan Qazaxıstanın köməkçi dəstəsindən kimsə qışqırdı ki, sağ qalan varmı? Dedim, var, qapının çöldə olan dəstəyini dartın, açın. Qapını dartıb açdılar və içəridə sağ qalanları çölə dəvət elədilər.
Mən dedim, çıxmıram, sərnişinlərin hamısını düşürəndən sonra çıxacam. Bir-bir onları çıxardıq. Dedim, xahiş edirəm açılan köməkçi qapılardan tez çıxın. Beləcə onları xilas etdik.
Təyyarənin ön hissəsində nələr baş verdiyindən xəbərsiz idik. Bayıra çıxıb təyyarənin qabağını görəndən sonra mənə çox pis təsir elədi. Ağlagəlməz bir şey idi!
- Təyyarə yanırdı?
- Xeyr, təyyarə iki yerə bölünmüşdü. Ön tərəf yerə dəyəndə uçub getmişdi. Ortadakı gövdə hissə və quyruq tərəf qalmışdı. Təyyarənin xəsarət aldığı hissə salamat idi.
- Ailənizdən qəza barədə kimə məlumat verilmişdi, ilk dəfə ailə üzvlərinizdən kiminlə danışdınız?
- Təcili tibbi yardım maşınında olanda ilk zəng gəldi. Sonradan bilmişəm ki, zəng edən kürəkənimin qardaşı imiş. Mənim də olduğum təyyarənin qəzaya uğradığını qızıma demək istəməyib.
- Kürəkəninizin qardaşına dediniz ki, sağam...
- Bəli... Dedim, ailə üzvlərimə deyin sağam, narahat olmasınlar. Aydan Rəhimli və sərnişinlərdən də sağ qalanların olduğunu söylədim. Dedim, dəqiq bilmirəm neçə nəfərdir sağdır, amma arxa oturacaqdakıların sağ olduğunu söylədim. Evə gələndən sonra bildim ki, öndə əyləşənlər hamısı dünyasını dəyişib.
- Qazaxıstanın xilasediciləri sizinlə necə davranırdılar?
- Çox yaxşı... Halal olsun onlara. Çox canfəşanlıq elədilər, öz köməkliklərini göstərdilər. Hər birindən Allah razı olsun.
- Kompensasiya almısınız?
- Bəli, kompensasiya təqdim edilib. 20 min manat AZAL və 36 ildə yığılan sığorta haqqı ödənilib.
- Kompensasiya və sığorta haqqınızı istifadə eləmisiniz?
- Bəli. Mən hər şeyə pul xərcləyən deyiləm, aldığım kompensasiyanı yaxşı işlərə sərf etmişəm.
- Övladlarınızdan sizin peşənizi davam etdirən varmı?
- Xeyr, onlar tamam başqa sahədə çalışırlar.
- Sizin peşənizi seçmələrini istəmədiniz?
- Övladlarımın mənim peşəmi davam etdirmələrini istəyirdim, amma onlar özlərinə fərqli sahə seçdilər. Qızım müəllimdir, oğlum isə musiqi sahəsində çalışır. Daha çox oğlumun bu sahəyə yönəlməsini, bələdçi, yaxud pilot olmasını istəyirdim.
Amma oğlum dedi ki, bu sahədə fəaliyyət göstərmək istəmir. Sanki ali təhsil almağa tənbəllik etdi və bu sahəyə gəlmədi.
- Dostlarınıza və qohumlarınıza bu hadisə ilə bağlı ən çox hansı məqamı danışırsınız? Sizdən nəyi soruşurlar?
- Ən çox verilən suallar hadisənin necə baş verməsi ilə bağlı olur. İlk vaxtlar bu, mənə çox pis təsir edirdi. Amma sonra insanların xətrinə dəyməmək üçün bütün sualları cavablandırmağa başladım.
- Zülfiqar bəy, ali təhsiliniz varmı?
- Xeyr, ali təhsil almamışam.
- Bəs bu sahəyə necə gəlmisiniz?
- Öncə deyim ki, Yevlaxda anadan olmuşam. Ailəmizdə yeddi uşaq idik, bacılarım oxumaq istəyirdi. Buna görə də, mən erkən yaşda işləməyə başlayıb, onlara kömək etməli oldum.
Gəncliyimdən zəhmətkeş olmuşam, valideynlərimə bir övlad kimi borcumu yerinə yetirmişəm. Məktəbi bitirdikdən sonra Rusiyada hərbi xidmət keçdim. Oradan qayıtdıqdan sonra 6 ay mühafizə sahəsində işlədim, lakin maaş az olduğu üçün işdən ayrıldım.
Rəhmətlik atam Yevlax aeroportunda sürücü işləyirdi və çoxlu dost-tanışları vardı. Onun tanışlarından biri demişdi ki, oğlun hərbi xidmətdən qayıdıb, qoy gəlsin, onu bələdçi kimi işə götürək. Beləliklə, işə başladım. İlk olaraq Ağdam, Füzuli, Tbilisi, Naftalan marşrutu ilə uçuşlara çıxdım. Daha sonra Bakıya köçdüm, çünki hər dəfə Yevlaxdan Bakıya gəlmək çətin idi. Ailəmi də paytaxta gətirdim, kirayədə yaşadıq.
Bakıda böyük sərnişin təyyarələrində uçmağa başladım və Rusiyanın müxtəlif şəhərlərinə səfərlər etdim. “Tu-154”, “Tu-134” təyyarələrində uçmağa başladım. İllər keçdi və mən AZAL-da, o vaxt şirkət fərqli idi, çalışmağa başladım. 5 il “Buta Airways”də qəzaya düşdüyümüz “Embrarer” tipli təyyarələrlə uçuş etdim, sonra bizi AZAL-a keçirdilər, beləcə, 36 ildir ki, bu sahədəyəm.