
BAKI, 1 mart. TELEQRAF
Artıq on gündür ki, paytaxt Bakı şəhərinə intensiv qar yağması davam edir. Bununla əlaqədar bütün bu günlər ərzində Bakı şəhər və paytaxt rayonlarının icra hakimiyyətləri, qurumların kommunal xidmətləri gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər.
Bu barədə Teleqraf-a Bakı Şəhər İcra Hakimiyyətində məlumat verilib.
Bildirilib ki, yağan qarın fəsadlarının aradan qaldırılması ilə bağlı kommunal xidmətlər tərəfindən operativ tədbirlər görülür. Xüsusi təyinatlı texnika tərəfindən mərkəz küçə və prospektlər, həmçinin ətraf qəsəbələrin yolları qardan təmizlənir, texniki duz səpilir.
"Erkən saatlardan etibarən, kommunal xidmətlər metro stansiyaları, avtobus dayanacaqları, piyada səkiləri, küçə boyunca ictimai-iaşə və digər müəssisələrin qarşısının təmizlənməsi, buz bağlamış yerlərə texniki duz səpilməsi və digər təmizlik işlərini davam etdiriblər", - məlumatda qeyd olunub.