BAKI, 1 mart. TELEQRAF

Bu gün Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) yaranmasından 105 il ötür.

Teleqraf xəbər verir ki, agentliyin əsası 1920-ci ilin 1 martında qoyulub.

AzərTac, Rusiya Teleqraf Agentliyinin (ROSTA) filialı, AzQafRosta, AzərTA, ZaqTA, Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi, Azərbaycan Dövlət Teleqraf Agentliyi, nəhayət, Azərbaycan Dövlət İnformasiya Agentliyi...

Ötən dövrdə belə müxtəlif adlarla fəaliyyət göstərən AZƏRTAC bu gün 105 yaşını qeyd edir. 1920-ci il martın 1-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən əsası qoyulan AZƏRTAC ilk milli xəbər agentliyi kimi mürəkkəb, çətin və şərəfli yol keçib. Həmin il martın 2-də "Azərbaycan” qəzetində AzərTac imzası ilə ilk xəbərlər dərc olunub. Təəssüf ki, Cümhuriyyət dövrünün yadigarı olan AZƏRTAC müstəqil xəbər mənbəyi kimi cəmi 58 gün yaşaya bilib.

AXC-nin süqutundan sonra agentlik Sovet İttifaqı Teleqraf Agentliyinin (SİTA) filialı kimi fəaliyyət göstərib və 70 il ərzində adı 7 dəfə dəyişdirilib, xəbər yayımında ciddi məhdudiyyətlərlə üzləşib. Buna baxmayaraq, agentlik üzərinə düşən tarixi missiyanı çətinliklə olsa da, axıradək yerinə yetirib.

Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra agentliyin tarixi adı qaytarılıb - 1995-ci il martın 3-dən Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi, 2000-ci il yanvarın 17-dən isə Azərbaycan Dövlət Teleqraf Agentliyi adlandırılmağa başlayıb. Prezident İlham Əliyevin 2015-ci il fevralın 26-da imzaladığı Sərəncamla isə Azərbaycan Dövlət Teleqraf Agentliyinin adı dəyişdirilərək, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) adlandırılıb.

Təkcə elə bu tarixi xatırlatmaqla aydın olur ki, Azərbaycanın ilk milli xəbər agentliyinin - AZƏRTAC-ın keçdiyi yol çox keşməkeşli, mürəkkəb və çətin olub. O vaxt AZƏRTAC-ın maddi-texniki bazası çox zəif idi. 1932-ci ildə agentlikdə xaricdən alınmış "Kleynşmidt” markalı ilk teletayp quraşdırılıb. 1969-cu ildə Ulu Öndər Heydər Əliyev Azərbaycanda siyasi rəhbərliyə gəldikdən sonra respublika həyatının bütün sahələrində dirçəliş başlanıb. O vaxt “Azərinform” adlanan milli xəbər agentliyi öz inkişafının yeni mərhələsinə qədəm qoyub. 1970-ci illərdə SİTA Moskvadakı baş ofisini ilk dəfə tam kompüterləşdirməyə başlayanda Heydər Əliyevə hörmət əlaməti kimi İttifaq respublikaları arasında “Ukrinform”dan sonra “Azərinform”u o dövrün müasir “Videoton”, bir qədər sonra isə “Olivetti” markalı kompüterləri ilə təchiz edib.

Agentlik fəaliyyəti dövründə ölkəmizin salnaməsini yazıb, respublikamızın keçdiyi yola informasiya işığı tutub. Üzləşdiyi sınaqlardan uğurla çıxan AZƏRTAC dövlət müstəqilliyinin bərpasından sonra çox keçmədən Azərbaycanın dünyaya açılan informasiya pəncərəsi rolunu oynamağa başlayıb.

Hazırda isə ölkənin əsas xəbər qaynağı olaraq, öz inkişafının yeni dövrünü yaşayır, fəaliyyətini durmadan təkmilləşdirir, müasir informasiya texnologiyaları və vasitələrindən istifadə edərək xəbərin doğru, dürüst və həqiqi ünvanı kimi tanınır.

AZƏRTAC-ın həyatında əsaslı dönüş mərhələsi 1969-cu ildə Heydər Əliyev respublika rəhbərliyinə gəldikdən sonra başlayıb. Agentlik müasir texniki avadanlıqla təchiz olunub, xəbər yayımının keyfiyyətində və operativliyində mühüm irəliləyiş əldə edilib. Yalnız onu demək kifayətdir ki, həmin dövrdə AZƏRTAC müttəfiq respublikaların informasiya agentlikləri arasında kompüterlərlə təchiz edilmə baxımından birincilər sırasında idi.

Agentliyin kollektivi Ulu Öndər Heydər Əliyevin tövsiyələrini rəhbər tutaraq milli jurnalistikamızın nəcib vətənpərvərlik ənənələrini ləyaqətlə davam etdirməklə yanaşı, dünya informasiya məkanında öz yerini möhkəmləndirmək üçün əzmlə çalışmaqdadır. Son illərdə 50-yə yaxın xarici xəbər agentliyi ilə əməkdaşlıq müqaviləsi imzalanıb, 5 qitədə fəaliyyət göstərən agentliklərlə informasiya mübadiləsi aparılır. Həmçinin beynəlxalq və regional media təşkilatları çərçivəsində Associated Press, Reuters, Press Association, DPA, Sinxua və bir sıra digər nüfuzlu xəbər yayımçıları ilə sıx əməkdaşlıq edir. Dünya Xəbər Agentlikləri Konqresi Şurasının, Avropa Xəbər Agentlikləri Alyansının (EANA), Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) fəal üzvlərindən biridir. AZƏRTAC 2016-cı ildən 2019-cu ilədək Dünya Xəbər Agentlikləri Konqresinə və OANA-ya eyni vaxtda sədrlik etməklə adını dünya media tarixinə yazdırıb. Ötən il isə İstanbulda Türk Xəbər Agentlikləri Birliyinin (ATNA) təsis Baş Assambleyasında AZƏRTAC ATNA-nın baş katibi seçilib.

AZƏRTAC hazırda səkkiz dildə - Azərbaycan, ingilis, rus, alman, fransız, ərəb, Çin və ispan dillərində xəbərlər, eləcə də regionda ilk dəfə olaraq beş dildə videoxəbərlər yayır. Agentlik Azərbaycan həqiqətlərini planetimizin, demək olar, bütün guşələrinə çatdırır, dünya səviyyəsində mötəbər, dürüst və qərəzsiz xəbər mənbəyi kimi qəbul olunur.

1920-ci il martın ilk günü fəaliyyətə başlayan AZƏRTAC bu gün ölkə həyatının bütün sahələri - ictimai-siyasi, iqtisadi, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və digər sahələr haqqında fasiləsiz olaraq 24 saat ərzində operativ informasiyalar verir.

Təkcə 2024-cü ildə AZƏRTAC 330 mindən çox informasiya istehsal edib, o cümlədən 189 mindən çox xəbər, 127 mindən çox foto, 13 mindən artıq videoxəbər hazırlayaraq öz kanalları ilə yayıb. Agentliyin internet resurslarında dünyanın ən müxtəlif nöqtələrində baş verən hər hansı yenilik barədə dərhal, anındaca xəbər tutmaq mümkündür. Qlobal informasiya məkanında özünəməxsus yer tutan agentlik bütün sahələrdə uğurla inkişaf edən müstəqil, suveren və ərazi bütövlüyü tam bərpa olunmuş ölkəmizin, dünyada nüfuz sahibinə çevrilən Azərbaycanın müasir tarixinin bitkin və real salnaməsini yaradır.

"Teleqraf" İnformasiya Agentliyi AZƏRTAC-ın kollektivini təbrik edir, yeni yaradıcılıq uğurları arzulayır.