
BAKI, 1 mart. TELEQRAF
Bu gün “Teleqraf” Media Qrupunun fəaliyyətə başlamasının 13-cü ili tamam olur.
“Gündəlik Teleqraf” qəzeti print və onlayn versiyada 2012-ci ilin martın 1-də yaradılıb, 2015-ci ildə isə Teleqraf.com xəbər portalına çevrilib.
Peşəkar komanda formalaşdıran, obyektivlik, düzgünlük, qərəzsizlik prinsiplərinə sadiq qalan Teleqraf.com müxtəlif layihələri ilə məşhur olub.
2025-ci ildə isə əzmkar kollektiv və daimi oxucularımız üçün əlamətdar hadisə baş verib. Belə ki, “Gündəlik Teleqraf” qəzetinin və Teleqraf.com xəbər portalının bazasında bu il fevralın 7-də "Teleqraf" İnformasiya Agentliyi (www.teleqraf.az, www.teleqraf.com) yaradılıb.
Agentlik Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni, idman və s. sahəsində baş verən hadisələri obyektiv, dəqiq və operativ formada oxucularına çatdırır.
Bütün ölkə ərazisindən xəbər yaymağı qarşısına məqsəd qoymuş agentliyin şəhər və rayonlarda yerli büroları yaradılıb.
Bundan başqa, Azərbaycanın dost, müttəfiq və strateji tərəfdaşı olan iki ölkədə - Türkiyə və Gürcüstanda agentliyin müxbir postları təsis olunub.
"Teleqraf" İnformasiya Agentliyi Cənubi Qafqazda və dünyada cərəyan edən prosesləri geniş işıqlandırır, mühüm hadisələrlə bağlı analitik məqalələr, şərhlər və təhlillər dərc edir.
Tərəfsiz informasiya siyasəti həyata keçirən “Teleqraf" İnformasiya Agentliyi geniş kollektivə malikdir. Məsələlərə peşəkar, əhatəli və doğru yanaşmanı təmin etmək üçün agentliyə öz sahəsində ixtisaslaşmış jurnalistlər cəlb olunub.
Müasir dövrdə informasiya siyasətinin vacib elementi olan sosial media platformalarında effektivliyi təmin etmək üçün agentliyin Facebook, İnstagram, YouTube, Telegram və Tiktok səhifə və kanalları fəaliyyət göstərir. Burada agentliyin istehsal etdiyi xəbər, foto və videogörüntülər oxuculara, izləyicilərə çatdırılır.
Bu gün həm də "Teleqraf" Media Qrupa daxil olan Publika.az xəbər portalının da ad günüdür.
Bu müddət ərzində Teleqraf-la əməkdaşlıq edən bütün təşkilatlara və oxucularımıza təşəkkür edir, daimi izləyicilərini təbrik edirik!