
Kimi status yazdı, kimi mahnı oxudu
Azərbaycan tarixində dərin iz buraxan Xocalı soyqırımının 23-cü il dönümünü məşhurlar da özünəməxsus formada yad ediblər. Teleqraf.com xəbər verir ki, kimi musiqiləri ilə, kimi isə sosial şəbəkələrdə paylaşdıqları statuslarla bu günü anıblar. Qeyd edək ki, bu faciəyə Türkiyəli məşhurlar da biganə qalmayıblar. Elə ötən günlərdə Bakının qonağı olan Özcan Dəniz Xocalı soyqırımını insanlıq adına qara ləkə kimi qiymətləndirib, dərdimizə şərik olduğunu bildirib.
Ebru Gündeş “İnstaqram” hesabında Xocalını andıran foto paylaşaraq “Unutmadıq” sözünü yazıb. Müğənni Alişan da Xocalı soyqırımını unutmayıb. Sosial şəbəkədə status yazan müğənni təsirli sözlər yazıb: “Bundan 23 il əvvəl törədilmiş, indiyə kimi olan ən dəhşətli soyqırımdır. Ermənilər azərbaycanlı qardaşlarımıza qarşı Xocalıda törədiblər. Hər il bu vəhşiliyi xatırladıqca, onların insan olmadığına bir daha inanıram. Bunu edənlər isə illərdi bizi soyqırım törətməkdə günahlandırır. Allah bir daha belə hadisə yaşatmasın. Xocalı soyqırımında dünyasını dəyişən bütün şəhidlərə Allahdan rəhmət diləyirəm. Unutmayacağıq”.
Azərbaycana “Eurovision” qalibiyyətini gətirən Nigar Camal ingilis dilində oxuduğu və Xocalıya həsr etdiyi mahnı və klipi erməni vəhşiliyini dünyaya çatdırmaq məqsədi daşıyır. “Broken Dreams” (“Məhv edilmiş arzular”) adlı bəstənin musiqisi Turac Berkay Özerə, sözləri Altay Oktara məxsusdur. Ankarada fəaliyyət göstərən Azərbaycan İnsan Kapitalının İnkişafı Mərkəzi “İNDEX”in “Empathy” layihəsi çərçivəsində lentə alınan, Xocalı soyqırımının 23-cü ildönümünə həsr edilən ekran işi 3D formatında, ən yeni texnologiya ilə çəkilib.
Aybəniz od püskürdü
Aybəniz Haşımova Türkiyədə təşkil olunan tədbirlərdə iştirak etməklə bərabər yazdığı statusla ermənilərə qəzəbini gizlətmədi: “Xocalı soyqırımı və Qarabağ da ermənilər tərəfindən törədilən, heç bir insanlığa sığmayan faşistlik...Dünya tərəfindəndə öz layiqli qiymətini almalıdır. Bunun üçün də haqq bərqərar olmadan susmayacağıq. Şəxsən öz ailəm adından deyirəm, günahsız ana, bacı, qardaşlarımızın qanı yerdə qalmamalı və dünya birliyi ermənilərin törətdiyi bu faciələri olduğu kimi qiymətləndirməlidir və səsimizə səs verməlidir.
Azərbaycan heç zaman ölüm, qan istəmədi. Dost olaq dedi. Bu da arzuların bitdiyi nöqtə...insanları diri-diri yandırdılar, qanlarını qəltan etdilər, qadınların, körpələrin gözlərini oydular..budurmu insanlıq? Deyil. Buna bir son verilməlidir. Ermənilər hələ də pisliklərinə davam edir. Azərbaycan əraziləri hər gecə ermənilər tərəfindən yenə də atəşlərə məruz qalır. Yenə də şəhid veririk. Bunlara bir dayan deyən olmayacaq? Biz müharibə istəmirik. Amma lazım olsa hamımız silaha sarılıb və öz ana torpaqlarımızı düşməndən azad edəcəyik. Bunun üçün hamımız bir olub vətənimizi qorumalıyıq”.
“Şəhidlərimizə həsr etdim”
Tanınmış bəstəkar Sevinc Tofiqqızı isə Xocalı şəhidlərinin əziz xatirəsinə həsr etdiyi kompozisiyasına çəkdirdiyi klipi ilə yadda qalıb: “Mən bu kompozisiyamı Xocalı şəhidlərinə həsr etdim və klip çəkdirdim. Bir bəstəkar kimi bu işi görmək mənim borcum idi. Klipin rejissoru Əziz Orucov aranjemanı isə Osman Həmidovdur. Mənim üçün çox ağır olsada, bu klipdə rol aldım. Və Xocalının o, ağrı günlərini yaşamış kimi oldum. Klipdə mənimlə bərabər balaca Nərmin İmamquliyeva da çəkildi. Təqdimatın keçirilməsində bizə dəstək verən Şuşa İcra Hakimiyyətin başçısı Bayram Səfərov öz təşəkkürlərimi bildirirəm”.
Pərvin