İslam Konfransı Gənclər Forumunun dəstəyi ilə hazırda İndoneziyada “Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində silsilə tədbirlər həyata keçirilir.

İKGF-dən Teleqraf.com-a verilən məlumata görə, fevralın 22-sində, İndoneziyanın paytaxtı Cakarta şəhərində yerləşən, ölkənin və Cənub-Şərqi Asiyanın ən böyük, dünyanın isə 3-cü ən böyük məscidi olan "İstiqlal" məscidində "Xocalıya Ədalət" kampaniyası çərçivəsində Xocalı soyqırımının 23-cü il dönümünün anım mərasimi keçirilib. "İstiqlal" məscidində camaat namazı zamanı on minlərlə adam, o cümlədən nazirlik və digər dövlət qurumlarından olan yüksək vəzifəli şəxslər, ölkənin böyük din xadimləri iştirak ediblər. "Xocalıya Ədalət" beynəlxalq informasiya kampaniyasının İndoneziya üzrə koordinatoru İmas Choirun Nisa Fujiati və həmyerlimiz Elmar İskəndərov Ermənistanın işğalçı siyasətinin ağır humanitar nəticələri, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, “Xocalıya Ədalət” kampaniyasının məram və məqsədləri haqqında daha ətraflı məlumatlandırıblar.

Kampaniyanın fəalları həmçinin camaat namazına gələn insanları Xocalı üçün ədalət naminə, növbəti gün Cakartanın mərkəzində keçiriləcək “Böyük Yürüşdə” iştirak etməyə çağırıb.

Daha sonra ölkənin bir sıra din xadimləri və dövlət qurumlarını təmsil edən yüksək vəzifəli şəxslər Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalını pisləyib və Xocalı soyqırımı məsələsində Azərbaycana tam dəstək olduqlarını bildiriblər.

Fevral ayının 23-də isə “İndoneziya” otelinin qarşısında İKGF-nin təşəbbüsü ilə “Xocalıya Ədalət” kampaniyası çərçivəsində “Xocalıya ədalət – Unudulmuş İnsanlıq Faciəsi” adı altında yürüş aksiyası keçiriblər. Tədbirdə çıxış edən İKGF-nin İndoneziyadan olan İdarə Heyətinin üzvü Taufik Lubis bunları söyləyib: “İndoneziya hökuməti prezident Coko Vidodo vasitəsilə Azərbaycanın Xocalı şəhərində soyqırım baş verdiyini qəbul etməli və münaqişə ilə bağlı BMT və İƏT qətnamələrinin həyata keçməsinə dəstək göstərməlidir”.

Taufik Lubis eyni zamanda İndoneziya gənclərinin imzaladığı, Xocalı faciəsini “insanlığa qarşı cinayət” və “soyqırım” kimi tanımağa çağıran və dünya ictimaiyyətinə ünvanlanan petisiyanı ölkə prezidenti və Nümayəndələr Palatasına təqdim ediləcəyini söyləyib.

İndoneziyada keçirilən etiraz tədbirlərində Müsəlman Tələbələr Assosiasiyası və İndoneziya İslam Gənclər Hərəkatı kimi aparıcı gənclər təşkilatlarının fəalları da iştirak ediblər. Gecə saatlarında isə gənclər kampaniyanın bu il elan etdiyi “Yalanla mübarizə üçün alov yandır” (Light a Fire to Fight the Liar) devizi altında Xocalı faciəsində qətlə yetirilmiş 63 uşağın ruhunun xatirəsinə ehtiram əlaməti olaraq ölkə parlamentinin önündəki meydanda 63 şam düzüblər. İndoneziyada bu günlərdə Xocalı ilə bağlı keçirilən tədbirlər mətbuatda geniş işıqlandırılıb.

BƏXTİYAR