
Qafqaz Müsəlmanları İdarəsinin rəisi, şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləzizin himayəsi ilə İslam Aləmi Liqasının "Terrorizmə qarşı mübarizə" adı altında təşkil etdiyi Məkkədə keçirilən beynəlxalq konfransda iştirak edib.
QMİ-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Səudiyyə Ərəbistanı kralının müşaviri, Məkkə quberniyasının əmiri Xalid Feysəlin açılış etdiyi konfransda dünyanın bir çox ölkələrindən ali dini liderlər, islam alimləri, dini işlər üzrə nazirlər, müxtəlif elm və beyin mərkəzlərinin rəhbərləri iştirak edib.
İslam Aləmi Liqasının baş katibi Abdullah bin Əbdüllmühsin Əl-Türki konfransın mövzusunun aktuallığına toxunaraq, terrorizmin bütün dünyanı bürüyən bir bəla olduğunu, bu bəlanın qarşısının alınması üçün beynəlxalq ictimaiyyətlə yanaşı, bütün dinlərin əl-ələ verməli olduğunu xüsusi vurğulayıb.
İslamın terrora qarşı olduğunu söyləyən, Quran ayələrindən sitatlar gətirən şeyx Əhməd Əl-Tayyib isə bir sıra qərb ölkələrinin terroru İslamla bağlamağa çalışdıqlarını qətiyyətlə pisləyıb və qərb ölkələrindən çox, bu gün müsəlman dünyasının terrordan əziyyət çəkdiyini təəssüflə qeyd edib. Sonra Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləzizin müraciətini konfrans iştirakçılarına oxuyan Məkkə əmiri Xalid əl-Feysal Səudiyyə dövlətinin beynəlxalq terrorizmə qarşı mübarizədəki rolundan danışaraq, ölkəsinin İŞİD-ə qarşı beynəlxalq koalisiyada təmsil olunmasının buna nümunə olduğunu diqqətə çatdırıb.
Günün ikinci yarısında nümayəndə heyətlərinin rəhbərlərinin çıxışları dinlənilib.
Konfransda çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri şeyxülislam Hacı Allahşükür Paşazadə İslam dünyasının və bütün bəşəriyyətin kəskin ziddiyyətlər, qanlı olaylar və narahat gündəm yaşadığı bir dövrdə İslam Aləmi Liqasının belə bir konfransı təşkil etməsini məntiqi bir qərar kimi dəyərləndirərək minlərlə günahsız insanın məhv olduğu bir dönəmdə müsəlman dünyasının özünün sülh məramını bir daha bəşəriyyətə bəyan etməli olduğunu xüsusi ilə vurğulayıb. O, bu gün dünyada, xüsusilə İslam coğrafiyasında müsəlmanların bir-birinin qanını axıtdığını məyusluqla qeyd edərək bildirib ki, eyni qibləyə namaz qılanların bir-birini kafir adlandıraraq qətlə yetirməsinin qarşısını almaq üçün islam aləminin bütün nüfuzlu şəxsiyyətləri birləşməlidir.
Terror bəlasının Azərbaycan xalqından da yan keçmədiyini qeyd edən A.Paşazadə 20-ci əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının erməni ekstremizmi və terrorunun aydın nümunəsi olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Sonra A.Paşazadə İslam Aləmi Liqasının Baş katibi Abdullah bin Əbdüllmühsin Əl-Türki ilə təkbətək görüşü olub. Görüş zamanı Azərbaycana səfərini məmnunluqla xatırlayan Əl-Türki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ilə maraqlanıb, ölkəmizin bu istiqamətdəki haqlı mövqeyini bir daha dəstəklədiyini dilə gətirib. Bu günlərdə Azərbaycan xalqının Xocalı faciəsinin 23-cü il dönümünü qeyd etməyə hazırlaşdığını bildirən A.Paşazadə müsəlman dünyasının bu soyqırım faktına laqeyd qalmamasının vacibliyini diqqətə çatdırıb.
Daha sonra A.Paşazadə Əl-Əzharın şeyxi Əhməd Əl-Teyyib, İordaniyanın baş qazisi Məhəmməd Həlil, Küveyt Əmirinin dini işlər üzrə müşaviri Adil Fəlah, bir sıra ərəb və müsəlman ölkələrinin baş müftiləri və dini işlər nazirləri ilə görüşlər keçirib. Görüşlərdə bütün Qafqazın şeyxini ölkəmizin Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Rasim Rzayev müşayiət edib.
BƏXTİYAR