Bakı Biznes Tədris Mərkəzi tərəfindən gənclərin maarifləndirilməsi istiqamətində növbəti tədbir fevralın 9-da Şəkidə keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Teleqraf/com-a verilən məlumata görə, Şəki nümayəndəliyinin təşkilatçılığı ilə “Biznes planların və investisiya layihələrinin hazırlanması” mövzusunda keçirilmiş treninqdə iştirakçılara biznes-plan və onun bölmələri, biznes ideyanın yaradılması, biznes-planların tərtib edilməsi metodikası, istehsalat planı və s. barədə ətraflı məlumat verilib.

Tədbirdə, həmçinin İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, o cümlədən “İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi” və s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Treninq çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.