Məktəb direktorlarının rüşvət alması məhdudlaşdırılacaqmı?

“2015-2016 tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) valideynlərin rahatlığı, qəbul sisteminin təkmilləşdirilməsi məqsədi ilə Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin I sinfinə qəbul prosesini elektron sistem vasitəsilə aparılmasını nəzərdə tutub. Bu məqsədlə hazırda sistem üzrərində son tamamlama işləri aparılır”.

BŞTİ-dən Teleqraf.com-a verilən məlumata görə, sistemin təkmilləşməsi üçün idarə əməkdaşları qəbul prosesində iştirak edən tərəflərlə görüşlərin keçirilməsinə, onların fikir və təkliflərinin öyrənilməsinə başlayıb.

Bu səbəbdən, fevralın 5-i Bakı şəhərində yerləşən müxtəlif tipli bir sıra ümumtəhsil məktəblərininin rəhbərləri ilə görüş keçirilib, direktorlar elektron sistemlə aparılacaq qəbul haqqında məlumatlandırılıb.

Görüş qarşılıqlı müzakirə şəklində keçmiş, direktorlar tərəfindən məsələ ilə bağlı müxtəlif fikir və təkliflər səsləndirilib.

Qeyd edək ki, I siniflərin elektron sistemlə qəbulu ilə bağlı internet anlayışı olmayan valideynlər narahatlıq keçirir. Bəzi təhsil ekspertləri isə bildirir ki, yeni sistemin tətbiqi mütərəqqi üsuldur. Belə ki, ənənəvi qəbul prosesi zamanı əksər məktəb direktorları subyektivliyə yol verir, amma yeni sistemdə məktəb direktorlarına rüşvət vermək rol oynamayacaq və şagirdlərin ərazi üzrə yerləşdirilməsi daha da asanlaşdırılacaq. Bu baxımdan valideynlərin mütərəqqi üsullardan istifadəyə uyğunlaşması vacibdir. Amma şagirdlərin dislokasiya üzrə yerləşdirilməsində valideynlərin məktəb seçimi məhdud olduğuna görə, bu işdə də subyektiv amillərin rol oynamayacağı da ekspertlər istisna etmir.

SEVİL