“Qasid” Mətbuat Yayımı ASC özəlləşdirməyə çıxarılıb.

Cəmiyyətin rəhbəri, deputat Mirkazım Kazımov Teleqraf.com-a açıqlamasında deyib ki, “Qasid”in özəlləşdirməyə çıxarılması üçün Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət ediblər: ““Qasid” dövlətə məxsusdur. Müraciətimizə müsbət cavab verilib. Hazırda sənədləşmə işləri aparılır. Özəlləşdirmə yaxın zamanlarda baş tutacaq”.

M.Kazimov qeyd edib ki, son illər “Qasid” firması ciddi çətinliklərlə üzləşib. Onun sözlərinə görə, əvvəllər Bakıda “Qasid”in 330-a yaxın köşkü olub: “Onlardan 300-ü götürülüb, 30 köşkümüz qalıb. Firmanın köşkləri götürüldüyünə görə pərakəndə qəzet satışını dayandırmışıq, işçilərin əksəriyyətini işdən azad etmişik. Hazırda firmanın cəmi 10 nəfər işçisi qalıb. Onlar da abunə ilə məşğul olurlar. Hətta 10 nəfər işçinin əməkhaqqını ödəyə bilmirik. Qəzetlərə xeyli borcumuz olduğuna görə maaşı minimum əməkhaqqına uyğunlaşdırmaqda çətinlik çəkirik. Çətinliyə baxmayaraq işçilərin əməkhaqqını 140 manata qaldırmışıq. Çünki ölkədə minimum əməkhaqqı 140 manatdır. Bütövlükdə ağır vəziyyətdən çıxmağa çalışırıq”.

M.Kazımov bildirib ki, “Qasid”in ağır duruma düşməyinin obyektiv və subyektiv səbəbləri var: “Son illər ölkədə sosial-iqtisadi islahatlar aparılır, yenidənqurma və abadlıq işləri görülür. O cümlədən Bakı şəhəri də abadlaşdırılır, gözəlləşdirilir. “Qasid”in qəzet satılan köşkləri sovet dövründən qalmışdı, əksəriyyəti tamamilə çürümüşdü, müasir tələblərə cavab vermirdi, şəhərin görünüşünə, abadlaşdırmanın standartlarına uyğun deyildi. “Qasid”in maddi durumu köşkləri yeniləri ilə əvəz etməyə də imkan vermirdi və bu gün də vermir. Prezident İlham Əliyevin göstərişi ilə şəhərə yeni köşklər gətirildi. Amma bu başqa firmaya məxsus köşklərdir, bizə aidiyyatı yoxdur. Bizim üçün yeni rəqib yarandı, maddi imkanlarımız məhdud olduğuna görə rəqabətdə uduzduq.

“Qasid”in qəzetlərə borclu qalması da bunun nəticəsində oldu. Firmanın köşkləri götürüldüyünə daşınma, icarə, kommunal xərcləri və əməkhaqqlarını ödəyə bilmirdik. Ona görə də qəzetlərin satışından əldə etdiyimiz vəsaitdən daşınma, icarə, kommunal xərcləri, əməkhaqqını ödədik. Nəticədə qəzetlərə borcumuz yarandı. Burada yeyinti, mənimsəmə halları yoxdur. Borcumuzu cüzi də olsa hissə-hissə ödəyirik. Borcumuzu birdəfəlik, yaxud da böyük məbləğdə qaytarmaq imkanımız yoxdur”.

M.Kazımov bildirib ki, “Qasid”in işləyən köşklərindən əldə etdikləri vəsaitlə firmanın qəzetlərə olan borcunu ödəməyə çalışırlar: “Neçə qəzetə borcumu olduğunu dəqiq deyə bilmərəm. Amma borclu olduğumuz qəzetlərin sayı da az deyil. Bütün qüvvəmizi səfərbər etmişik ki, qəzetlərə olan borcumuzu hissə-hissə ödəyək”.

İlkin Əliyev