Bir müddətdir ki, ölkədə sperma bankının yaradılması yenidən geniş müzakirə mövzusuna çevrilib. Nəzərə alsaq ki, sonsuzluq problemi bir çox ailələrin sağalmaz yarasıdır, bu xəbər də həmin ailələr üçün ümid işığına çevrilib. Lakin mövzu ilə bağlı ictimaiyyət arasında fikirlər birmənalı deyil. Bir qism düşünür ki, bu, qanunsuzdur və gələcəkdə bacı-qardaş evliliyinə gətirib çıxaracaq. Kimisi isə dünya təcrübəsində istifadə olunduğunu əsas gətirərək bu fikri dəstəkləyir.
Teleqraf.com mövzu ilə bağlı sualları mütəxəssislərə ünvanlayıb.
Sperma donoru olmaq üçün hara müraciət etmək lazımdır? Şərtlər nələrdir?
Dünya praktikasında ana olmaq istəyən qadınların sperma bankına müraciət etmək təcrübəsi mövcuddur. Azərbaycanda isə bu prosesi əsasən Mərkəzi Klinika həyata keçirir. Klinikadan sorğumuza cavab olaraq bildirilib ki, sperma donoru olmaq istəyən şəxs sosial (ailə mənşəyini, milliyyətini, həyat tərzini, təhsilini və s.) və tibbi (sağlamlıq vəziyyəti, irsi və fiziki xüsusiyyətləri və s.) vəziyyətini bəyan etməklə əhatəli müraciət forması doldurur.
Bundan sonra uyğun şəxslər seçilir və onlar üzərində fiziki və tibbi müayinələr həyata keçirilir. Xüsusilə donor fiziki və əqli cəhətdən tam sağlam şəxs olmalıdır. Yalnız bundan sonra kriteriyalara uyğun olan şəxslər donor kimi qəbul edilir.

Xəstəxanadan verilən məlumata görə, donor olmağa hazırlaşan kişi spirtli içki içilməməli, siqaret çəkməməli, isti vannada çox oturmamalı, normal qidalanmalı və normal yatmalıdır. 3 gündən az və 7 gündən çox olmayan cinsi sakitliklə verilməlidir. Eyakulyatı götürdükdən dərhal sonra qabın üzərində xəstənin adı, soyadı, götürülmə saatını yazmalıdır.
Sperma nümunəsi laboratoriyaya yaxın, təmiz şəraitdə, otaq temperaturunda götürülməlidir.
Bəs ölkəmizdə bu prosesi icra edənlər varmı?
Həkim-ginekoloq Rəşad Sultan bildirir ki, ictimaiyyət bu məsələdə detalları bilmədiyinə görə mövzuları qarışdırır. Onun sözlərinə görə, bunun əsas səbəbi əleyhinə danışan şəxslərin mövzu barədə məlumatsız olmalarıdır: “Sperma bankı və sperma/yumurta donorluğu ayrı-ayrı anlayışlardır. Mövzu əleyhinə danışanlar sperma bankı əleyhinə deyillər, onlar, ümumiyyətlə, donorluğun əleyhinədirlər. Subyektiv məsələ olduğu üçün haqlı olduqları məqamlar da var. Əslində sperma bankı sperma və yumurta donorluğu kimi məsələləri qaydaya salır. Onsuz da Azərbaycanda 2004-cü ildən yumurta donorluğu da, sperma donorluğu da tətbiq edilir”.

“Sperma donorluğu bacı-qardaş evliliyinə səbəb olacaq”
Rəşad Sultan bir çoxlarının mövzuya radikal yanaşmasının əsas səbəblərindən biri olan sperma donorluğunun gələcəkdə bacı-qardaş evliliyinə səbəb olacağı məsələsinə də aydınlıq gətirib: “Bir insanın bir neçə nəfərə donor olması nəticəsində gələcəkdə evlənəcək şəxslərin bacı-qardaş olması ehtimalı yüksəkdir. Bunu hər zaman dilə gətiririk.
Amma sperma bankında sperma donorluğu rəsmi şəkildə nəzarət altına götürülür. Əgər düzgün şəkildə nəzarət olunacaqsa, sperma bankının yaradılması bu məsələni həll edəcək. Bu mövzunun əleyhinə danışanların dünyadan xəbəri yoxdur. Uşağı olmayan pasiyentləri biz görürük, elə kişi gəlir ki, cinsiyyət vəziləri spermatozoid istehsal etmir, bu insan nə etməlidir? Elə qadın var ki, yumurtalıqları işləmir, hüceyrəsi yoxdur. Ona görə də belə hallarda donor yardımından istifadə olunur.
Bu proses də qan itirən xəstəyə donordan qan alıb köçürdüyümüz kimidir. Donorluq sayəsində bir ailə övlad sahibi olur. Kiminsə buna baxışı pisdirsə, o adam donordan istifadə etməsin, donor olmasın. Alan razı, satan razı. "Mən pis baxıram" deyə başqası donor vasitəsilə uşaq sahibi olmasın? Sperma bankının yaradılması mövcud donorluq xidmətinə rəsmi və tək əldən nəzarət etmiş olacaq və donorluqda çatışmayan cəhətləri aradan qaldıracaq”.
“Qadınlar da donor olmalıdırlar”
Bəzi xanımlar həyat planlamalarında karyeranı önə çəkir, yaxud ümumiyyətlə irəli yaşlarda evlilik planlayırlar. Həkimin sözlərinə görə, qadınların 35 yaşdan sonra yumurtalıqları tükənir və bu səbəblə onlar daha erkən yaşlarda yumurtalıqlarını dondura bilərlər: “Qadınların donor olması kişilərin donor olmasından daha önəmlidir. Bu məsələdə qadınların işi daha asandır. Onlar yumurta verib, yumurtalarını dondurtdura bilərlər. Bu xidmət bu gün Azərbaycanda var. Qadın 40 yaşında ailə quranda öz yumurtasından istifadə edərək həyat yoldaşının spermasından öz uşağına sahib olacaq.
Ümumiyyətlə, xanımlar onsuz da evlənmədən hamilə qala bilərlər. Bir qadının hamilə qalması üçün nikah şərt deyil. Sadəcə təbiət qanunu olaraq bir qadın kişi ilə münasibətdə olmalıdır. Lakin bu hal istər cinsi, istərsə də sosial baxımdan kişilərlə münasibətə girmək istəməyən qadınlara problem yaradır.
Bəzi qadınlar uşağının atasının kimliyinin bilinməsinə ehtiyac duymur. Düşünür ki, aliment lazım deyil, əlinə-ayağına dolaşan olmasın”.
Bəs müraciət edən şəxs donoru özü seçə bilərmi?
Rəşad Sultanov bildirib ki, müraciətlər zamanı əsasən qan qrupu nəzərə alınır: “Amma sperma üçün müraciət edən şəxslərə anonimlik saxlanılması şərtilə donorun xarici görünüşü barəsində məlumat verilir”.
“Din sperma donorluğunu qəbul etmir”
Məsələnin tibbi tərəfi ilə yanaşı, bunu dini cəhətdən də qınayanlar kifayət qədərdir. Mövzuya münasibət bildirən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, ilahiyyatçı alim Ceyhun Məmmədov hesab edir ki, bu məsələ qadınların evliliyə marağını azaldacaq:
“Dini nöqteyi-nəzərdən övladın dünyaya gəlməsi üçün insanlar ailə qurmalıdırlar. Sperma donoru vasitəsilə övladın dünyaya gəlməsi dini baxımdan qəbul edilmir. Ailə qurmaq yalnız övlad dünyaya gətirməkdən ibarət deyil. Ailə qurduqda kişi və qadının vəzifələri olur. Onlar cəmiyyət üçün yararlı vətəndaşlar tərbiyə etməli, onları formalaşdırmalı, cəmiyyətin dəyərləri təbliğ olunmalıdır.
Sperma donoru olmaq doğru yanaşma deyil. Biz insanların ailə qurmasına maraqlı olmalıyıq. Əgər sperma donoru vasitəsilə qadın evlənmədən ana olarsa, ailə institutu zəifləyəcək. Xanımlar fikirləşəcək ki, ailə qurmadan bu yolla övlad dünyaya gətirək. Bu halda kişi cinsindən olan insanlar necə ailə quracaqlar? Bu məsələdə diqqətli olmalıyıq. Bunun bu formada təqdimatı düzgün deyil”.

Ceyhun Məmmədovun fikrincə, ilk olaraq sperma bankının yaradılmasında səbəb nədir, bunun hansı zərurətdən irəli gəlməsi ilə bağlı izahat verilməlidir: “Dində ailə münasibətlərinin qorunması kimi məqamlar var. Məsələn, bu uşaqlar doğulsa, onların tərbiyəsi mövzusu var. Dünyaya gətirəcək insan o uşağı saxlaya biləcəkmi?
Sperma donoru vasitəsilə doğulan uşaqlarda anonimlik qorunduğu üçün gələcəkdə bacı-qardaşın evlənmə ehtimalı var. Bilinmir ki, bankdakı sperma kimə məxsusdur. Burada şübhəli məqamlar kifayət qədərdir. Din tərəflərin kimliyinin, mənşəyinin dəqiq bilinməsinin tərəfdarıdır. Bəlkə də qarşı tərəf bu məsələdə qeydiyyat aparılacağını deyəcək. Amma bu, kifayət qədər mürəkkəb prosesdir”.
Azərbaycan qanunvericiliyi sperma bankını dəstəkləyirmi?

Hüquqşünas Əsabəli Mustafayev bildirib ki, sperma bankının yaradılması ölkəmizdə qanunvericilikdə əksini tapmır.
Onun sözlərinə görə, süni mayalanmadan sonra yaşanacaq problemlərin aradan qaldırılması üçün qanunvericiliyə dəyişiklik edilməlidir: “İndiyədək sperma və yumurta donorluğu qanunla tənzimlənməyib, amma həyata keçirilməkdədir. Artıq geniş yayıldığı üçün insanların çoxu süni mayalanma səbəbilə xaricə üz tuturlar. Burada əsas səbəblərdən biri baza genişliyi və tibbi texnologiyaların daha çox inkişaf etməsidir.
Həyat tələb etdikcə qanunvericilikdə ciddi dəyişikliklər olur. Qanunvericilik nizamlanmalıdır ki, sabah ciddi problem olmasın. Onsuz da bu baza qeyri-rəsmi var idi. Sperma bankında daha əvvəl insanların toxumaları saxlanıla bilərdi, amma rəsmi qaydada tənzimlənərsə, necə ki, qan donorlarında hər şey tənzimlənir, burada da eyni sistem tətbiq oluna bilər. Bizdə sözdə bundan danışılsa da, qanunla dəqiq ifadəsi yoxdur. Məsələn, kimlər donor ola bilər? Onun fəsadları nədir? Müxtəlif təlimatlarda olsa da, ümumi qanunvericikdə əksini tapmır və buna ehtiyac var”.

İndi isə məsələyə daha geniş coğrafiyadan baxaq. Dünya ölkələrinə vəziyyət necədir? Hansı ölkələrdə sperma bankı fəaliyyət gösərir?
Sperma donorluğunun qanuni olması ölkələrə görə dəyişir.
Əksər qınayan şəxslər sperma donorluğunun məhdudlaşdırılmasının əsas səbəbi olaraq donor nəsillər arasında təsadüfi qohumluq və ya qohumluq riskinin olmasını irəli sürür. Bu nöqteyi-nəzərdən qonşu Türkiyədə sperma bankının yaradılması qadağandır.
Amma Avstraliya, Belçika, Bolqarıstan, Kanada, Danimarka, Almaniya, Fransa, Norveç, İspaniya, Yaponiya və ABŞ-da bu baxımdan donorluq könüllüdür.