BAKI, 12 aprel. TELEQRAF
Azərbaycanda uşaq evlərinin sakinləri sayı son illər daha sürətlə artmaqdadır. Bu fakt cəmiyyətdə mənəvi dəyərlərin dəyişməsi və sosial dəstəyin əhəmiyyətini gündəmə gətirir. Uşaq evlərində böyüyən uşaqların gələcəkdə cəmiyyətə inteqrasiyası və onların daha sağlam inkişafı üçün ailə mühitinin vacibliyi ön plana çıxır. Dövlətin və cəmiyyətin bu uşaqların təhlükəsizliyi, təhsili və sosiallaşması üçün daha çox diqqət ayırması zəruridir.
Mövzu ilə bağlı Teleqraf-a danışan sosioloq Üzeyir Şəfiyev uşaqların sosiallaşması üçün ən uyğun mühitinin ailədə olduğunu vurğulayıb. O bildirib ki, Uşaq Hüquqları haqqında Konvensiyada uşaqların inkişafı və böyüməsi üçün ən əlverişli mühitin ailə mühiti olduğu qeyd olunur:
“Sosial xidmət müəssisələrində nə qədər yüksək təminat olsa da, ailə mühitini əvəz edə bilməz. Uşaqların inkişafı üçün ən müsbət şərait məhz ailə mühitidir”.
Azərbaycanda 2006-cı ildən başlayan və 2015-ci ilə qədər davam edən uşaqların müəssisələrdən evlərə verilməsi siyasətinin əhəmiyyətinə toxunan Şəfiyev hazırda da uşaqların himayədar ailələrə verilməsi və ailə mühitində böyüməsi ilə bağlı müxtəlif tədbirlərin həyata keçirildiyini qeyd edib:
“Maddi vəziyyət səbəbindən uşaqlarından imtina edən ailələrə dövlət tərəfindən dəstək verilir və bu dəstək uşaqların qayğısına qalmağı asanlaşdırır. Heç bir arqument uşağı uşaqlar evinə vermək üçün səbəb olmamalıdır. Əgər maddi sıxıntılar varsa, ailələr müxtəlif sosial qurumlara müraciət edərək lazımi yardımı ala bilərlər. Beləliklə, uşaqların ailə mühitindən ayrılmalarının qarşısını almaq da mümkündür”.
Ekspert uşağın təhlükəsiz bir mühitdə böyüməsinin təmin edilməsinin qanunla valideynin borcu olduğunu bildirib.

Sosioloq Lalə Mehralı bildirib ki, uşaq evlərindəki uşaqların sayının artmasının başlıca səbəbi cəmiyyətin mənəviyyatının günü-gündən korlanmasıdır. Onun sözlərinə görə, bəzən insanlar maddi problemləri uşaq evlərinə uşaqlarını qoymalarına səbəb kimi göstərirlər. Lakin Mehralı qeyd edir ki, əgər insan normal mənəviyyatdadırsa və vicdanını itirməyibsə, nə qədər ehtiyac içində olsa da, öz övladını uşaq evinə qoymaz.
“Son statistikada isə məlum olub ki, atasız uşaqların və ailəsindən gizli uşaq dünyaya gətirərək uşaq evlərinə qoyanların sayı artıb. Əgər mənəviyyat və əxlaq normaları yerində olsaydı, bu hallar meydana gəlməzdi. Maddiyat sadəcə bəhanədir,” – deyə Mehralı vurğulayıb.
Sosioloq həmçinin, təhsil imkanlarının bu gün dövlət tərəfindən təmin edildiyini və oxumaq istəyən uşaqlar üçün məktəblərdə kifayət qədər imkanların mövcud olduğunu qeyd edib:
Mütəxəssis bildirir ki, dövlətin borcu uşaqların təhlükəsizliyini, qidalanmasını və təhsilini təmin etməkdir: "Uşaq evlərindən qaçan uşaqlardan şikayətlər eşidirik. Bu halların qarşısını almaq üçün daha həssas və diqqətli yanaşmaq vacibdir. Ən önəmli faktorların biri də orada işləyən personalın diqqətlə seçilməsi və müəyyən prosedurlardan keçməsidir”.
Hər bir uşağın təməl haqlarından birinin ailə mühitində böyümək olduğunu qeyd edən Mehralıya görə, əgər valideynlər övladlarına bu mühiti təmin edə bilməyəcəksə, əvvəlcədən uşağı dünyaya gətirməməlidirlər. “Uşaq dünyaya gəlibsə, onun təməl ehtiyaclarını ödəmək valideynlərinin borcudur. Ailə mühitində böyüməyən uşaqlarda adaptasiya, sosiallaşma və ünsiyyət problemləri ola bilər,” – deyə mütəxəssis bildirib.
Sosioloq, uşaq evlərində böyüyən uşaqların gələcəkdə cəmiyyətə inteqrasiyası məsələsinin daim gündəmdə saxlanılmalı olduğunu vurğulayıb: “Onlar müəyyən təminatla cəmiyyətə inteqrasiya edilməlidir. Dövlət, sosial xidmətlər bu uşaqlara iş tapmaqda və gələcək həyatlarını qurmaqda dəstək olmalıdır”.