​BAKI, 13 mart. TELEQRAF

"İndiyədək bütün dünya əhalisi eyni istiqamətdə addımlayıb. Lakin artıq istiqamətin dəyişdiyini müşahidə edirik".

Teleqraf xəbər verir ki, bunu ARTOC İnvestisiya və İnkişaf Qrupunun sədri və icraçı direktoru Şafik Qabr XII Bakı Qlobal Forumu çərçivəsində keçirilən “Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı” panel müzakirələrində bildirib.

Onun sözlərinə görə, İkinci Dünya müharibəsindən sonra fəaliyyətə başlayan qurum və təsisatlar gücünü itirməkdədir.

"Dəyişikliyə ehtiyac var. Əgər bu olmasa, qanunun aliliyi gücün aliliyinə uduzacaq, zəif olanlar əziləcək. Geosiyasi dəyişmələr baş verdiyi anda başa düşməliyik ki, geoiqtisadi vəziyyət də dəyişəcək və bu hamımıza təsir edəcək", - Şafik Qabr qeyd edib.

İcraçı direktor süni intellekt barədə də fikirlərini bölüşüb: "Biz texnologiya və süni zəkaya laqeyd yanaşırıq, amma biz indi danışıqlar aparmasaq texnologiya bizi gücsüz edəcək".