BAKI, 22 iyul. TELEQRAF
Xəzər dənizinin səviyyəsi rekord həddə aşağı düşüb.
Teleqraf xəbər verir ki, bu barədə Ümumrusiya Balıqçılıq Elmi Tədqiqat İnstitutundan bildirilir.
Qeyd olunur ki, hazırda Xəzər dənizinin səviyyəsi instrumental müşahidələrin aparıldığı bütün dövr ərzində minimum səviyyədən aşağı düşüb. Baltik hündürlük sisteminə görə bu, -29 metrdən azdır.
Dənizin səviyyəsi 2020-ci ildən sonra sürətlə enməyə başlayıb. 2022-2023-cü illər arasında suyun səviyyəsi 29 santimetr aşağı düşüb.
Mütəxəssislər bildiriblər ki, buna ilk növbədə istixana qazlarının tullantılarının artması və temperaturun yüksəlməsi fonunda dəniz və çayların səthindən suyun buxarlanmasının artması təsir göstərir. Bundan əlavə, dəniz səviyyəsinə Xəzərə axan çayların suyunun aktiv istehlakı da təsir göstərir.
Balıqçılıq İnformasiya Agentliyinin rəhbəri Aleksandr Savelyevin sözlərinə görə, əvvəllər nərə balıqlarının 90%-i Xəzər dənizinin payına düşürdüsə, hazırda o praktiki olaraq məhv edilib.
Ekspert əlavə edib ki, Xəzər dənizi yaxın 15 ildə də enməkdə davam edəcək.