
BAKI, 10 FEVRAL. TELEQRAF
Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyası bu təhsil müəssisəsinə qəbul olmaq istəyənlər üçün elan verib.
DSX-dan Teleqraf-a verilən məlumata görə, qəbul “Sərhəd təhlükəsizliyi və idarəetmə” ali təhsil ixtisası üzrə aparılacaq.
Namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilən 1-ci ixtisas qrupu üçün nəzərdə tutulmuş ümumtəhsil fənlərindən test üsulu ilə qəbul imtahanı verəcəklər.
Akademiyaya qəbul olmaq istəyən kişi namizədlər ərizə, anket (anketdə soyadı, adı, atasının adı, doğulduğu il, ay, gün, qeydiyyatda olduğu və yaşadığı yerin ünvanı, təhsili, telefon nömrələri (şəhər və mobil) və s. göstərilməlidir), tərcümeyi-hal (özünün və yaxın qohumlarının (ata, ana, bacı, qardaş, h/yoldaşı, övladları, h/yoldaşının atası, anası, bacısı, qardaşı və s.), şəxsiyyət vəsiqələrinin surətləri, attestatın notariat orqanları tərəfindən təsdiq edilmiş surəti və ya attestat alınanadək namizədin orta məktəbin 11-ci sinfində oxuması haqqında arayış, orta-ixtisastəhsil (əgər varsa) haqqında sənədin notariat orqanları tərəfindən təsdiq edilmiş surəti, yaşayış yerindən arayış, doğum haqqında şəhadətnamənin surəti, valideynlərin nikah haqqında şəhadətnaməsinin surəti, 4 (dörd) ədəd rəngli fotoşəkil (baş geyimsiz, qırmızı fonda, 3x4 sm ölçüdə) sənədlərini təqdim etməlidirlər.
Dövlət Sərhəd Xidmətinin Akademiyasında təhsil almaq arzusunda olan şəxslər - hərbi xidmətdə olmayanlar üçün – 2025-ci ildə 17 yaşı tamam olmalı və 20 yaşı tamam olmamalı, hərbi xidmətdə olanlar üçün – DSX Akademiyasına qəbul olunduğu tarixədək 23 yaşı tamam olmamalı, tam orta və ya orta-ixtisas təhsilinə malik, fiziki cəhətdən sağlam olmalıdırlar.
Sənədlər Dövlət Sərhəd Xidmətinin Akademiyasına (Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti – 2942A) və ya Dövlət Sərhəd Xidmətinin yaxınlıqda yerləşən hərbi hissələrinin kadrlar bölmələrinə təqdim edilməlidir.