BAKI, 26 fevral. TELEQRAF

"İşğaldan azad olunmuş ərazilərdə çox böyük infrastruktur layihələr həyata keçirilir. Vətəndaşlarımızın ora köçü ilə bağlı zəruri şərait yaradılır və insanlarımız vətəndaşlarımız ora köçdükdən sonra orada yeni "ASAN xidmət" mərkəzləri də fəaliyyətdə olacaq".

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

Şuşada "ASAN xidmət" mərkəzinin fəaliyyətdə olduğunu qeyd edən Ülvi Mehdiyev bu mərkəzin Xankəndi və ətraf rayonlarda yaşayan sakinlərimizə xidmət etdiyini də bildirib: "Gələcəkdə artıq əhali tam məskunlaşdıqdan sonra digər bölgələrdə, rayonlarda da bu məsələyə baxılacaq".

Agentlik sədri digər regionlarda yeni "ASAN xidmət" mərkəzlərinə ehtiyac olmadığının da vurğulayıb: "10 səyyar avtobus hər il müxtəlif "ASAN xidmət"in olmadığı bölgələrə səyahət edir və orada xidmət göstərir. Bu tamamilə ölkəni əhatə etdiyinə görə digər mərkəzlərin yaranmasına ehtiyac yoxdur. Artıq 25 ölkə və beynəlxalq təşkilat "ASAN xidmət"lə saziş imzalayıb. "ASAN xidmət" həmin ölkələr ilə təcrübəsini bölüşür. Demək olar ki, 4 qitədə "ASAN xidmət" təcrübəsi öyrənilir. Eyni zamanda bu proses davam edir"- o, diqqətə çatdırıb.