BAKI, 5 mart. TELEQRAF

Bu gün saat 13:30 radələrində Xocavənd rayonunda baş verən partlayış nəticəsində xəsarət alan 2002-ci il təvəllüdlü (kişi cinsli) şəxs Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, ona sol əlinin 1-ci, 2-ci və 3-cü barmaqlarının travmatik amputasiyası diaqnozu təyin edilib.

Hazırda pasiyent əməliyyat blokuna yerləşdirilib.

***

14:23

Xocavənd rayonunda hərbi sursat partlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri birgə məlumat yayıb.

Məlumata görə, martın 5-də Xocavənd rayonunun Sos kəndi ərazisində hərbi sursat partlayıb. Nəticədə Füzuli rayonunun Aybasanlı kənd sakini, 2002-ci il təvəllüdlü Əli Ələhbər oğlu Sadıqov əlində əl qumbarasının partladıcı mexanizminin partlaması nəticəsində sol əlindən xəsarət alıb.

Faktla bağlı Xocavənd Rayon Prokurorluğunda araşdırma aparılır.

"ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, təhlükəli əşyalara toxunmamağa, onlara müdaxilə etməməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!" - məlumatda qeyd olunub.